Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi uğurla davam edir.
"Unikal"ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, risk qrupuna aid edilən şəxslərin demək olar ki, 90 faizi artıq peyvənd vurdurub.
"Həmin şəxslər hətta buster dozanı da qəbul ediblər. Sevindirici haldır ki, vətəndaşlarımızın vətəndaşlıq məsuliyyəti yüksək səviyyədədir. Ümumi əhalinin peyvəndlənmə statistikasına gəlincə, bu göstərici təxminən 74 % təşkil edir. Bu da müsbət rəqəmdir. Çünki bu, bizə kütləvi immunitetin tam formalaşmasından danışmağa imkan verir. Təbii ki, koronavirus pandemiyası hər dəfə yeni sürprizlər ortaya çıxarır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən payız mövsümü üçün lazımi tədbirləri görüb ikinci səviyyəli hazırlıq prosesinə çatmalıyıq. Bu istiqamətdə bütün addımlar atılır. Ümidvaram ki, payız fəslini sıçrayışsız keçsək, pandemiyanın sonu barədə nəsə danışa bilərik. Hələ ki, tezdir", - nazir bildirib.