Meymunçiçəyi ilə bağlı ölkəmizə gətirilən 3 min ədəd test hazırda Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində, yəni Taun Əleyhinə Stansiyada saxlanılır.
"Unikal" xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva "Xəzər Xəbər"ə deyib ki, testlər heç bir xəstəxanaya paylanmayacaq:
"Yalnız yaxmaların götürülməsi üçün tibb müəssisələrinə xüsusi ləvazimatlar veriləcək. Əgər vətəndaş özündə bu xəstəlik ilə bağlı hər hansı bir hal aşkar edərsə o zaman ya təcili tibbi yardıma, ya da ərazi üzrə dövlət tibb müəssisələrinə müraciət edərək, simptomlar barəsində məlumat verməlidir".
Afaq Əliyevanın sözlərinə görə, xəstəliklə bağlı hər hansı şübhəli halın aşkar edilməsi, laborator diaqnostikanın aparılması, yaradan yaxmanın götürülərək laboratoriyaya çatdırılaması ilə bağlı tibb işçiləri müəyyən təlimlərə cəlb olunaraq, bu sahə üzrə tam məlumatlandırılıb. O ki qaldı xəstəliyin müalicəsinə, bu mümkündür.
Qeyd edək ki, suçiçəyinin səpkilər xırda və səthi olduğu, hava-damcı yolu ilə yoluxduğu halda, meymunçiçəyində səpkilər daha dərin, irinli olur və uzunmüddətli yaxın təmas nəticəsində yoluxur.