Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova mənzil hədiyyə edib. Qazilərin və şəhid ailələrinin ev növbəsində olduğu bir vaxtda Corc Qafarova mənzil verilməsi insanlar tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev də C.Qafarova mənzil verilməsinə etiraz edib:
"Mənim Corc Qafarovun Azərbaycan torpaqları uğrunda savaşdığına dair heç bir məlumatım yoxdur. Şəhid və qazi ailələrimiz var ki, uzun illərdir ev növbəsindədirlər. Elələri var ki, müharibədə yaralanıb, əlildir və hazırda 80 manatın ümidindədir.
Belə bir halda bələdiyyədə çalışan və Roza Zərgərli kimi imkanlı bir şəxsin övladlığı olan gəncə mənzil hədiyyə olunması həm müharibə iştirakçılarını, həm də məni narazı salır. Bu, yolverilməz bir addım idi. Çox sayda uşaq evində böyüyən insanları nümunə göstərə bilərik ki, onlar evlə təmin olunmayıblar. Birinci Qarabağ müharibəsində yaralananların sığorta ödənişlərinə hələ başlaya bilmirik, amma Corc Qafarova ev verməyə pul tapırıq. Hansı ki, bu proses də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməlidir. Bütün bu məsələlər insanlarda haqlı narazılıq yaradır.
Mənə elə gəlir ki, bunların səbəbi bəzi insanların ölkədə baş verən prosesləri görməzdən gəlməsinin nəticəsidir. Cənab Prezident tələb edir ki, şəhid və qazi ailələrinə diqqət artırılsın, amma biz Roza Zərgərli kimilərinin xahişlərini yerinə yetiririk, onların efirdə etdikləri xoşagəlməz hərəkətləri izləyirik. Əfsuslar olsun ki, bu hələ də davam edir", - deyə o bildirib.
Murad İbrahimli