Bu ilin birinci yarımilində Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 il əvvəl Quba rayonunun ərazisində 2 nəfərin, 10 il əvvəl isə Bakı şəhəri Yasamal rayonunun ərazisində 1 nəfər vətəndaşın qətlə yetirilməsi cinayətinin üstü açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində keçirilən müşavirədə bildirilib.
Qeyd edilib ki, bundan başqa birgə tədbirlər nəticəsində barəsində axtarış elan edilmiş 5 nəfər saxlanılaraq istintaqa təqdim edilib, 19 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 1 ədəd tapança, 1 ədəd tüfəng, 1 ədəd qumbara və 78 ədəd güllə (7.62 mm) ərazi polis orqanlarına təhvil verilib.
O da bildirilib ki, keçirilən kompleks əməliyyat-rejim tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 435 cinayət hadisəsinin qarşısı alınıb.