Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
"Unikal" xəbər verir ki, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) adlandırılıb.
Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.
Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılıb:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Nazirlər Kabineti üç ay müddətində Nazirliyin yeni əsasnaməsinin və strukturunun, habelə bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri ilə yaradılan Agentliklərin əsasnamələrinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmanın 1–5-ci hissələri nəzərə alınmaqla, elm və təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Nazirliyin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının balansında olan dövlət əmlakının Nazirliyin balansına verilməsi ilə bağlı tədbirlər görməlidir.
Bu Fərmanın 4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunu və işçilərinin say həddini üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri, 4-cü və 5-ci hissələri nəzərə alınmaqla zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlik bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası bu Fərmanın 2-ci, 4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Mədəniyyət Nazirliyinə bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.