Hollandiya şəhəri alternativ qaz tədarükçüsü tapa bilmədiyi üçün Haaqa administrasiyası Avropa İttifaqından Rusiyanın müvəqqəti olaraq sanksiyalardan azad edilməsini xahiş edəcək.
Bu barədə "Unikal" Reuters-ə istinadən xəbər verir.
Haaqa bələdiyyəsi Qazprom ilə uzunmüddətli qaz tədarükü müqaviləsi imzalayıb. Aİ Ukraynaya müdaxiləsindən sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar hökumətlərdən və digər dövlət orqanlarından oktyabrın 10-dək Rusiya şirkətləri ilə mövcud müqavilələrə xitam verməyi tələb edir.
Haaqa üçün bu, Qazprom ilə mövcud müqaviləni əvəz edəcək yeni qaz tədarükçüsü tapmaq deməkdir. Şəhər iyun və iyul aylarında Ümumavropa tender keçirdiyini, lakin potensial təchizatçılardan heç bir təklifi cəlb edə bilmədiklərini söyləyib.
“Biz təchizat təhlükəsizliyini təmin etmək və danışıqları asanlaşdırmaq üçün 2023-cü il yanvarın 1-dək mövcud müqaviləmizdən istisna istəyəcəyik”, - deyə rəsmi açıqlamada bildirilir.
Bundan əvvəl məlum olub ki, Aİ nazirləri gələn həftə Rusiyaya qarşı yeni sanksiyaları, o cümlədən ruslar üçün viza məhdudiyyətinin tətbiqini müzakirə edəcəklər.
Görüş avqustun 30 və 31-də Praqada baş tutacaq.