Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ölkənin şimal-qərb bölgəsində baş vermiş meşə yanğınları tam söndürülüb.
Nazirlikdən "Unikal"a bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində təxminən 35 hektar sahədə, Qəbələ rayonunun Tikanlı kəndi istiqamətində 30 hektar sahədə, Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində 12 hektar sahədə, Oğuz rayonunun Muxas və Calut kəndləri istiqamətində isə 210 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik ərazilər yanğından mühafizə edilib.
Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri iştirak edib.