"Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsinlər".
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir imtahanda bəzi müəllimlərin sözləri səhv yazmaları məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bu, hələ ilkin nəticələrdir, niyə baş verməsi araşdırılmalıdır:
"Yəqin ki, müxtəlif səbəblər var. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırıla biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlərin üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. Onlar üçün təşkil ediləcək təkmilləşdirmə kursları kömək olacaq, həm həyəcanları dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzrsüz səbəbdən iştirak etməsə, onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu qanunvericiliyin tələbidir".