Gəncədə 2022-ci ilin son 4 ayı ərzində Dünya, Avropa, İslam Həmrəylik Oyunları və Beynəlxalq qranpridə mükafata layiq görülmüş idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Şöhrət” ordenli, Əməkdar məşqçi Elçin Zeynalov, 1 nömrəli UGİŞM-nin direktoru Ramil Qasımov, 2 nömrəli UGİŞM-nin direktoru Asif Həsənov, şəhərin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər və idmançılar iştirak ediblər.
Niyazi Bayramov çıxışında bildirib ki, dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi yaradır. O qeyd edib ki, Milli Olimpiya Komitəsinin sədri, Prezident İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Bugün onun nəticəsidir ki, ölkəmizin hər bölgəsindən olduğu kimi, Gəncə şəhərinin idmançıları da beynəlxalq arenalarda müvəffəqiyyətlə Vətənə qayıdırlar. Niyazi Bayramov qazandıqları uğur münasibətilə idmançıları təbrik edərək onlara daha böyük qələbələr arzulayıb.
Millət vəkili Müşfiq Cəfərov idmançıları təbrik edib, onlara gələcək nailiyyətlərində uğurlar diləyib. O qeyd edib ki, beynəlxalq yarışlardan ölkəmizə gətirilən hər bir medalın arxasında böyük zəhmət və əzm dayanır. Bu uğurların əldə edilməsində dövlət başçımızın idmana göstərdiyi xüsusi diqqət və qayğının da rolu danılmazdır.
Tədbirdə çıxış edən Həmid Nəsirov 2022-ci ilin 8 ayı ərzində görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu aylar ərzində Gəncədə 5 mindən artıq idmançının iştirakı ilə 90-dan çox şəhər yarışları həyata keçirilib. Eyni zamanda, idmançılarımız 50-dən çox Respublika, 2 Zona, 7 Dünya, 14 Avropa, 12 Beynəlxalq yarışlarında iştirak edərək ümumilikdə 302 medal qazanıblar. Qarşıda böyük tədbirlərin və yarışların nəzərdə tutulduğunu bildirən Həmid Nəsirov, göstərilən diqqət və qayğıya görə dövlət başçımıza və şəhər rəhbərliyinə öz dərin təşəkkürünü bildirib.
Çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıblar və ölkə rəhbərinə idman sahəsində yaradılan yüksək şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Dünya, Avropa, İslam Həmrəylik Oyunları və Beynəlxalq qranpridə mükafata layiq görülmüş idmançılara və onların məşqçilərinə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.