Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza başsağlığı verib.
"Unikal" xəbər verir ki, başsağlığında deyilir:
"Əlahəzrət,
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası, zəmanəmizin görkəmli dövlət başçısı, ananız Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Bu ağır itkinin kədərini Sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Şərəfli ömür yolu ilə örnək olan Kraliça ümumbəşəri ideallara daim sadiq qalaraq, möhkəm dəyanət, yenilməz iradə və qətiyyət nümayiş etdirərək Birləşmiş Krallığın xoşbəxt gələcəyi yolunda misilsiz xidmətlər göstərmiş, Vətəninə hədsiz bağlılığı və məhəbbəti ilə bütün dünyada böyük nüfuz və rəğbət qazanmışdır.
2009-cu ildə Kraliça ilə görüşümü hər zaman ən xoş təəssüratlarla xatırlayacağam.
Əlahəzrət,
Bir daha Sizə və ailənizin üzvlərinə, Birləşmiş Krallığa və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm".