Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən “Xural TV”nin baş redaktoru Əvəz Zeynalıı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimata baxıb.

“Unikal" xəbər verir ki,  hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimat təmin edilib.

Qərara əsasən Ə.Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

xxx

22:20

Saxlanılan jurnalist Əvəz Zeynallının vəkili Aqil Layıc istintaqın gedişindən danışıb.

"Unikal"ın məlumatına görə, o bildirib ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (passiv rüşvətxorluq) ilə ittiham edilib:

"Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir. Bir neçə dəqiqə sonra Əvəz bəy Binəqədi Rayon Məhkəməsinə aparılacaq. Əvəz Zeynallı Baş Prokurorluqda dindirildiyi zaman istintaq hərəkətlərindən imtina edib".

***

17:57

Əvəz Zeynallı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan "Unikal"a bildirilib ki, hazırda istintaq hərəkətləri həyata keçirilir.

***

16:12

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı bildirilir. 

"Unikal" xəbər verir ki, bu barədə aktivist İlkin Rüstəmzadə məlumat yayıb. 

O qeyd edib ki, Baş Prokurorluğun əməkdaşları Əvəz Zeynallını saxlayıb və hazırda axtarış üçün onun ofisinə gedirlər.