Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Şəmsi Bədəlbəyli, Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseyn Muradov və onunla birlikdə narkotik maddələrin satışını həyata keçirən daha 15 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.