Səbail Rayon Polis İdarəsi və ərazi polis bölmələrinin əməkdaşları tərəfindən rayonun Bayıl, “20-ci sahə” və Badamdar qəsəbələri ərazilərində narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Unikal"a verilən xəbərə görə, tədbir zamanı qeyd edilən yerlərdə narkotik maddələrin satışını həyata keçirən 17 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə külli miqdarda heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, saxlanılan şəxslər sırasında narkotik vasitələrin satışı ilə məşğul olan ana və onun narkokuryerliyə cəlb etdiyi yetkinlik yaşına çatmayan oğlu da var.
Faktlarla bağlı toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Səbail rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.