Neftçalada müxtəlif yerlərdən oğurluq edən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir mağazadan və bir həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Cavid Məcidov saxlanılıb. 

Dindirilmə zamanı həmin şəxs törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, C.Məcidov rayon ərazisində yerləşən mağazaların birindən 320 manat pul, 480 manat dəyərində danışıq kartı və tütün məmulatı, bir həyətyanı sahədən isə ümumi dəyəri 11,650 manat olan 5 ədəd su mühərriki, müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri, samovar, tikiş maşını və məişət əşyaları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurub.

Faktlarla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.