Sabunçu rayonunda son 10 gündə Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər.
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.