Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbədən kənar iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda ADNSU-nun dünya elmi birliyində tanınmış məzunu, İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbauma ADNSU-nun fəxri professoru diplomu təqdim olunub.
Öncə ADNSU-nun rektoru, professor Mustafa Babanlı növbədənkənar Elmi Şuranın keçirilmə səbəbi və gündəlikdə olan yegənə məsələnin - Professor Lev Eppelbauma ADNSU-nun fəxri professoru diplomunun təqdimatı olduğunu bildirib. ADNSU-nun Elmi Şurasının 1 oktyabr 2020-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən, Lev Eppelbauma fəxri professor adının verilməsinin təsdiq olunduğunu xatırladan rektor, professor Mustafa Babanlı Lev Eppelbaumun bu adı çoxdan qazandığını və universitetin fəxri məzunlarından olduğunu Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova Lev Eppelbaumun həyat və yaradıcılığı, elmi fəaliyyəti haqqında geniş məlumat verib.
Sonra rektor, professor Mustafa Babanlı ADNSU-nun fəxri professoru diplomunu qonağa təqdim edib, onu öz adından və universitetin professor-müəllim heyəti adından təbrik edib.
Lev Eppelbaum məzunu olduğu ADNSU-nun onun üçün hər zaman doğma olduğunu deyib və ona göstərilən diqqətə, yüksək etimada görə professor Mustafa Babanlıya və Elmi Şuranın üzvlərinə minnətdarlığını bildirib.
Sonra professor Lev Eppelbaum geniş məruzə ilə çıxış edib və şura üzvlərinin suallarını cavablandırıb.