Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
"Unikal" xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilib, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edib.
27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da silsilə tədbirlər təşkil olunub, şəhidlərimizin xatirəsinə həsr olunmuş yürüş və ağacəkmə aksiyası keçirilib.
Gənclərin və rayon sakinlərinin iştirakı ilə SHXÇDX Qazax Rayon Şöbəsinin qarşısından start götürən yürüş Heydər Əliyev prospekti boyunca şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanınadək davam edib. Əllərində üçrəngli Azərbaycan Bayrağı tutmuş yürüş iştirakçıları 44 günlük Vətən müharibəsində və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Sonra Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və əlilləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzüb, igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.
Tədbirdən sonra Qazaxın girişində Təyyarə Abidə Kompleksinin ətrafında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, qazilərin iştirakı ilə igid Vətən oğullarının xatirəsinə şam ağac əkilib, əkilən ağaclar suvarılıb.