İsmayıllı rayonunda 27 Sentyabr - Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə millət vəkili Novruzəli Aslanov, hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyətin nümayəndələri iştirak edib. Şəhidlər Xiyabanında keçirilən mərasimdə Dövlət himni səsləndirilib, din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmənin 44 günə kapitulyasiya edildiyini, bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan müharibənin dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdüyünü qeyd ediblər. Bildirilib ki, Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə birləşən Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də "Dəmir yumruq" əməliyyatı adlandırılıb. Çıxışlarda Vətən müharibəsində ismayıllıların da böyük qəhrəmanlıq göstərərək yüksək fədakarlıq nümayiş etdirdiyini bir daha qeyd edərək, qələbə yolunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz ehtiramla yad edilib, sağlamlığını itirən qazilərə şəfa dilənib.
Həmçinin, işğaldan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işlərinin əhəmiyyəti də vurğulanıb. Şəhid Novruz Həmzəyevin anası Zenfira xanım şəhid anaları adından çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi Vüqar Hacıyev müharibə ilə bağlı xatirələrini bölüşüb və döyüş yoldaşlarının göstərdikləri igidliklərdən bəhs edib. Anım mərasimindən sonra şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keşirilib. Ağacəkmə aksiyasında Eldar şamı, Tuya və Oliandra ağacları əkilib.
Tədbirdən sonra millət vəkili Novruz Aslanov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhid ailələrini – Talıstan kəndində Bədəlov Cavidanın, Hacıhətəmli kəndində Xəlilov Qədimin və İsmayıllı şəhərində Səmədov Elnurun evlərinə gedərək ailə üzvlərini ziyarət ediblər. Məlumat üçün bildiririk ki, anım tədbirləri rayonun bütün kəndlərində şəhid məzarları önündə keçirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!