Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində 27 sentyabr Anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, YAP Qaradağ Rayon Təşkilatının sədri və ictimaiyyət nümayəndələri iştirak edib.
Foyedə Şəhid Hüseynli Türkayın atası Hüseynov Nizaminin kitab təqdimatı və 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin şagirdlərinin rəsmləri sərgilənib.
Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edildi. Daha sonra Dövlət himni ifa olunub.
“Anım Günü”nə həsr olunmuş tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qeyd etdi ki, ötən il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatdığını, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu, bu, sənədin həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınıb.
Qeyd edilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında qaradağlılar da böyük şücaət və əzmkarlıq nümunələri göstərmişdi. Vətən müharibəsində Qaradağ rayonu üzrə 2514 nəfər iştirak etmiş, onlardan 46 nəfəri şəhidlik zirvəsinə yüksəlmiş, 157-si isə yaralanmış, 65 nəfər əlillik dərəcəsi almışdır.
Ərazilərin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident cənab İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif orden və medallarla təltif olunmuşlar.
Prezident Cənab İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsi olduğunu bildirmişdir.
Bu şanlı Qələbənin Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni dövrün başlanğıcı olduğunu bildirən rayon icra hakimiyyətinin başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür.
Prezident İlham Əliyevin Şuşa şəhərinə və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza səfərləri, həmin səfərlər çərçivəsində çox mühüm tədbirlərdə iştirakı, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini hər kəsə nümayiş etdirir.
Əlbəttə, zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi Qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha ətraflı dərk edəcəyik. Vətəni canından əziz tutanlar heç vaxt unudulmayacaq.
“Anım Günü”nə həsr olunmuş Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək qeyd etmişdir ki, bir il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı Vətən müharibəsi, 44 gündən sonra Zəfərlə başa çatdı.
Müzəffər sərkərdəmiz cənab İlham Əliyevin düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycan ordusunun canı-qanı bahasına torpaqlarımız işğaldan azad olundu, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandı. Özünün Vətən Müharibəsi ilə Azərbaycan regionda yeni reallıq yaratdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.
Daha sonra Şəhid Hüseynli Türkayın atası Hüseynov Nizami çıxış edərək qeyd etdi ki, Vətən Müharibəsinin ilk günlərindən hərbi əməliyyatlarda övladı Hüseynli Türkay də iştirak etmiş, igidlik, şücaət nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi iştirakçılarına, o cümlədən Şəhid Türkayın xidmətlərinə yüksək qiymət verdiyini bildirdi. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Uğrunda”, “Cəbrayılın azad olunması” medalları ilə və “Rəşadət” ordeni ilə təltif
olunmuşdur. Sonra Şəhid İsmayılzadə Səməndər Vahid oğlunun anası İsmayılova Fəridə çıxışında, ölkəmizdə olduğu kimi Qaradağ rayonunda da Prezident cənab İlham Əliyev tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu qeyd etdi və dövlət qayğısını həmişə hiss etdiklərini bildirdi.
Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifə olduğunu qeyd etdi.
Tədbirdə Vətən müharibəsi qazisi 3-cü qrup əlil Hüseynov Cavid Akif oğlu çıxış edərək bildirdi ki, Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son qoyuldu. Ordumuz işğal altındakı torpaqları düşməndən azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Müharibənin ilk günlərindən hərbi əməliyyatlarda Füzuli, Cəbrayıl, Xocavənd rayonu istiqamətində düşmənə qarşı döyüşdüyünü və hərbi əməliyyatlar zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralandığını qeyd etdi. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunması” və “Xocavəndin azad olunması” medallarlı ilə təltif olunduğunu bildirdi.
Sonra tədbir iştirakçıları Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları önünə əklil və çələnglər qoydular. Ruhlarına dualar oxundu.
Saat 12:00-da icra hakimiyyətinin əməkdaşları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, müavinlər, şöbə müdirləri və icra hakimiyyətinin əməkdaşları qəsəbələrdə dəfn olunmuş bütün şəhid məzarlarını ziyarət etdilər.