Sərhəddə baş verən son hadisələr zamanı bu qədər itki verməyimiz absurddur. İki il ərzində ciddi müdafiə xəttinin qurulmamasının səbəbi mənə aydın deyil.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın ikinci prezidenti, "Hayastan" blokunun lideri Robert Köçəryan deyib.
O qeyd edib ki, istənilən müdafiə xətti Azərbaycanın müqavimətini azaldır, vaxt almağa imkan verir:
"İki il ərzində niyə zərbə sistemləri alınmadı? Bizə deyirlər ki, pul var, amma silah almağa yer yoxdur. Biz bu silahları hər yerdən alırdıq. Azərbaycan gücləndiyi üçün deyil, zəifliyimizi gördüyü üçün hücuma keçdi. Müdafiə olunan tərəfin bu qədər itkisi ola bilməz".
Köçəryan mətbuat konfransında Ermənistan-İran münasibətlərinə də toxunub:
"Sünikin (Zəngəzur) təhlükəsizliyinin qorunmasında Ermənistandan sonra ən çox maraqlı olan ölkə İrandır. İki ildir ki, bu istiqamətdə heç bir iş görülməyib. Ən azı Sünikdə İranla bir neçə birgə hərbi təlim keçirmək mümkün idi.
Böhrandan çıxmaq bütün imkanlara malik olan hökumətin vəzifəsidir. Müxalifət hakimiyyətin qərarlarına müqavimət göstərə, problem mənbəyi kimi hakimiyyətin özünə qarşı mübarizə apara bilər. Lakin böhranlarla mübarizə üçün bütün resurslar hakimiyyətin əlindədir, eləcə də məsuliyyət onun üzərindədir. Mən ümidsizliyin nə olduğunu bilmirəm. Fürsət qapıları yalnız döyüşməyə hazır olanların üzünə açılır".
Köçəryan hakimiyyət dəyişikliyi məsələsinə də münasibət bildirib: "Aydın məsələdir ki, hakimiyyətdə olan partiyanın deputatlarının bütün barmaqlarını da kəssələr, mənə səs verməyəcəklər. Deməli, bu yolla gedirsənsə, müxalifət və iqtidar üçün məqbul bir namizəd olmalıdır. Yaxud camaat parlamenti, inzibati binaları mühasirəyə alaraq elə güclü təzyiq göstərməlidir ki, bizim namizədimizi seçməli olsunlar. Bəli, mənim ölkənin gələcək baş naziri vəzifəsinə üç-dörd namizədim var, onlar ölkənin məsuliyyətini öz üzərinə götürə bilərlər. Amma ad çəkmirəm. Adlarını çəkən kimi sabah bu adamlara qarşı cinayət işi, təqiblər başlayacaq, necə ki, indi bunu qanunla seçilmiş icma başçılarına qarşı edirlər".
"Hayastan" blokunun lideri son vaxtlar Rusiya ilə Ermənistanın ittifaq dövlətləri olması haqda təklifə də reaksiya verib:
"İndiki konfiqurasiyada Rusiya ilə müttəfiq dövlət olmaqla vəziyyətdən çıxış yolu görmürəm. İstənilən qərar vəziyyətə uyğun olmalıdır. Hazırda Rusiya ilə müttəfiq dövlət olmaq problemin həlli deyil. Mən Pelosinin bəyanatlarına müsbət baxıram, o cümlədən istənilən ölkənin bizə kömək etməyə hazır olmasına. Lakin ABŞ-ın Ərdoğan üzərində Rusiyadan daha az təsir rıçaqları var. İstənilən halda bizim regionda əsas oyunçu Rusiyadır. Rusiya Azərbaycanla fəal əlaqələr qurur. Səbəb isə bizim ortada olmamağımızdır. Biz nəyəsə qadir olduğumuzu göstərməliyik. Rusiya kimi oyunçularla münasibətləri korlaya bilmərik. Bu, intihara bərabərdir. Biz regionumuzda nüfuzu olan hər kəslə düzgün əlaqələr qurmalıyıq".
Gültəkin Ələsgər