MDB dövlət başçılarının sammitlərində və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair iclasda iştirak etmək üçün Astanaya gələcək Rusiya prezidenti Vladimir Putin oktyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevlə görüş planlaşdırılır.
Uşakov qeyd edib ki, liderlər sonuncu dəfə oktyabrın 7-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti zamanı görüşüblər, lakin Astanada daha ətraflı görüşün keçirilməsi barədə razılığa gəliblər. Onun sözlərinə görə, ölkələr arasında əlaqələr konstruktiv şəkildə inkişaf edir. Kreml nümayəndəsi əlavə edib ki, danışıqlarda təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də Ermənistan-Azərbaycan münasibətləri müzakirə olunacaq. O vurğulayıb ki, Rusiya “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına fəal və hər cür töhfə verir”.
Uşakov həmçinin bildirib ki, Rusiya Azərbaycanın əsas xarici iqtisadi tərəfdaşlarından biridir. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 16,1% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib, bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2,2 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 11,5 faiz çoxdur. Azərbaycanda 900-dən çox müştərək şirkət fəaliyyət göstərir, ölkə iqtisadiyyatına Rusiya investisiyalarının həcmi təxminən 4,5 milyard dollardır.
Gültəkin Ələsgər