"Ermənistanda fövqəladə hal baş verməsə, bu ölkənin indiki rəhbərliyi mövqeyindən geri çəkilməzsə, ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Milli Məclisin üzvü bildirib ki, sülh müqaviləsi geniştərkibdə olmayacaq:
"Anlaşılan odur ki, sülh müqaviləsi bir neçə prinsipdən ibarət olacaq. Bu, sərhədlərin tanınması, ərazi bütövlüyünün qəbul edilməsi, diplomatik əlaqələrin qurulması, hərbi toqquşmaların qarşısının alınması üçün mexanizmin qurulması və s. Hər iki ölkənin maraqlarına cavab verən müəyyən prinsipləri elan edir. Sonradan isə elan edilən prinsiplər ətrafında əlavə işlərin görülməsi nəzərdə tutulur. Bununla bağlı birinci addım atılıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Delimitasiya, demarkasiya uzun və gərgin işdir. Ermənistanın bu məsələyə ciddi yanaşması olarsa, buna başlayıb sona çatdırmaq olar. Azərbaycan öz tərəfindən hazırdır. Ermənistan isə hələ də seçimini edə bilmir. Bu gün elan etdiyini sabah imtina edir, bir rəhbərin dediyi digər rəhbər şəxsin fikri ilə ziddiyyət təşkil edir. Seçim onlarındır".
A.Mirzəzadə qeyd edib ki, məsələnin uzanması Ermənistanın ziyanınadır: "Bunu onların daxili və xarici siyasi dairələri dərk etməlidir. Problemin həll edilməməsi Ermənistanın daxilində vətəndaş qarşıdurmasına, iqtisadiyyatın zəifləməsinə, sosial məsələlərin ağırlaşmasına, əhalinin bu ölkədən köçüb getməsinə səbəb olur. Onlar bu faktorları nəzərə alıb bir nəticə çıxarmalıdırlar".
Anar Kəlbiyev