İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian və Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Cozep Borrell arasında olan telefon danışığının təfərrüatları məlum olub.
"Unikal" xəbər verir ki, tərəflər Ukrayna böhranı və sanksiyaların ləğvi ilə bağlı son hadisələr haqqında fikir mübadiləsi aparıblar.
Əmir Abdullahian Ukraynadakı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə iddiaları ilə bağlı deyib: "Bizim Rusiya ilə müdafiə sahəsində əməkdaşlığımız var, lakin Ukraynadakı müharibə ilə bağlı siyasətimiz müharibəni dayandırmaq və insanların köçkünlüyünə son qoymaq, bu ölkənin ərazi bütövlüyünə hörmət etməkdir, münaqişə edən tərəflərə silah göndərmək deyil".
İran XİN rəhbəri deyib ki, İran İslam Respublikası Ukraynadakı münaqişələri diplomatiya yolu ilə dayandırmağa çalışır: "Biz avropalılara bu məsələyə realist yanaşma ilə baxmağı tövsiyə edirik. Biz müharibənin əleyhinəyik və Ukrayna ilə müharibədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələrin verilməsini qəti şəkildə rədd edirik".
Telefon danışığı zamanı Cozep Borrel İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə qorunma sahəsində əməkdaşlığının davam etdirilməsi ilə bağlı ümidvar olduğunu bildirib.
Avropa Birliyinin xarici siyasət rəsmisi İranın Ukraynadakı müharibədə istifadə olunacaq silah və pilotsuz təyyarələrin göndərilməməsi ilə bağlı mövqeyini mühüm və təqdirəlayiq hesab edib. Tərəflər sanksiyaların və razılaşmanın ləğvi ilə bağlı danışıqlar yolunu müsbət və irəliyə doğru addım kimi qiymətləndiriblər.
Ağarza Elçinoğlu