Lənkəran rayonunun Boladi kəndində şəhid mayor Aqşin İbadovun şəhadətə qovuşduğu gündə vaxtılə yaşadığı ata ocağında ev muzeyinin açılışı olub.
“Unikal” xəbər verir ki, açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov iştirak edib. Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra icra başçısı T. Qaraşov çıxış edib. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edən icra başçısı cəmiyyətin hər bir fərdinin şəhid valideynlərinə hörmətlə, ehtiramla yanaşmalı olduğunu qeyd edib.
Taleh Qaraşov dövlət səviyyəsində də şəhid ailələrinə xüsusi və həssas yanaşmanın olduğunu ifadə edib. Bildirib ki, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sözügedən təbəqədən olan insanların qayğı və problemlərinin, habelə müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasına şəxsən nəzarət edirlər.
Şəhid atası Nazim İbadov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. N.İbadov dövlətimizin başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman qayğı və diqqətini hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşdıqlarını qeyd edib və bütün bunlara görə hər birinə minnətdar olduğunu vurğulayıb.
Çıxışlardan sonra şəhidin təhsil aldığı Boladi kənd 1 nömrəli tam orta məktəbinin şağirdlərinin ifasında vətənpərvərlik ruhunda və şəhidlərimizin xatirəsinə həsr olunan şerlər səsləndirilib. Ev muzeyi ilə tanış olan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra şəhid Aqşin İbadovun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.
Qeyd edək ki, icra başçısı Taleh Qaraşov mayor İbadov Aqşin Nazim oğlu ilə eyni gündə şəhadətə qovuşan Vətən müharibəsi şəhidlərimiz baş leytenant Hüseynli Etiram Həsən oğlunun və Şıxəlizadə Emil Şahin oğlunun Lənkəran şəhər, Kiçik Bazar və Gərmətük qəsəbə qəbiristanlıqlarındakı qəbirlərini də ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar edib.