Bu gün İranla 132 kilometrlik dövlət sərhədinin işğaldan azad olunmasından iki il keçir.
"Unikal" xatırladır ki, ötən ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.
Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.
Ötən ilin bu günü həmin müjdəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb. Dövlət başçısı Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətlə hər iki ölkənin xalqını təbrik edib.
Ağbənd qəsəbəsini və Ağbənd sərhəd zastavasını işğaldan azad edən Azərbaycan hərbçiləri bu barədə Ali Baş Komandan İlham Əliyevə raport verib.
Həmin gün Ağbənd qəsəbəsilə yanaşı Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri düşməndən təmizlənib.
Ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradılıb. Burada sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.