Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 21-də Şürük kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Torpaqlarımızın azadlığı, suveren hüquqlarımızın bərpası və sərhədlərimizin toxunulmazlığı uğrunda canından keçən övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edib. Bildirilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması və problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir. Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan İcra başçısı qeyd edib ki, dövlət hər zaman onların qayğı və problemlərinə həssas yanaşır və bütün gücü ilə onların yanındadır. Səyyar qəbulda sözügedən kateqoriyadan olan vətəndaşların qaldırdıqları icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər yerindəcə həll edilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyatı qurumlara rəsmi qaydada müraciət olunmasıyla bağlı tapşırıqlar verilib.
Yerli insanların suallarını və müraciətlərini səbr, təmkin və məmnuniyyətlə dinləyib cavablandıran T.Qaraşov qaldırılan obyektiv məsələlərin ədalətli həllinə nail olunması üçün rayon icra hakimiyyətinin bütün məsul şəxslərinin vətəndaşın yanında olduğunu vurğulayıb.
Hər zaman dövlətə və dövlətçiliyə bağlılığı ilə seçilən Şürük kəndinin sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Yekun nitqini ölkədəki iqtisadi inkişaf və siyasi hakimiyyətlə xalq birliyi konteksində quran T. Qaraşov şəhidlərimizin qanı hesabına azad etdiyimiz Qarabağdakı quruculuq və bərpa işləri barədə danışıb. Onun sözlərinə görə, “Böyük Qayıdış”ın ilkin mərhələsi başlayıb və Qarabağ yenidən qurulur. Zəngilan hava limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakına toxunan natiq bildirib ki, sözügedən addımın ciddi siyasi yükü var: ”Haqq davamızda ilk anlardan ölkəmizə siyasi və mənəvi dəstəyini ifadə edən cənab Ərdoğanın Zəngilan hava limanının açılışında iştirakı əlamətdar hadisədir. Azərbaycanın yalnız deyil, yanında Türkiyə kimi qüdrətli, bölgədə söz sahibi və dünyada önəmli güc mərkəzi olan qardaş dövlətin olduğunu artıq bütün dünya bilir”.