2022-ci il 22 oktyabr tarixində Bakı şəhərində yerləşən 2-ci Fəxri Xiyabanda, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı polkovnik Həmidov Şükür Nəriman oğlunun və eyni zamanda Vətən müharibəsi qəhrəmanı Qasımov Ramiz Vaqif oğlunun, Vəliyev İlqar Cahid oğlunun və bu gün 40 mərasimi keçirilən Mehbalı Fərid Kəmaləddin oğlunun anım tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Həmkarlar İttifaqının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Müdafiə Nazirliyinin məsul işçiləri, Sərhəd qoşunlarının məsul işçiləri, Qubadlı rayonunun hüquq-mühafizə orqanları, icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidlərimizin döyüş yoldaşları, ailə üzvləri və yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Ziyarətə gələnlər Şəhidlərimizin məzarları üzərinə əklil və gül dəstələri qoydular. Şəhidlərimizin ruhuna dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. Belə ki, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olunub.
30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Digər çıxış edənlər Şəhidlərimiz haqqında öz xatirələrini bölüşdülər. Şəhidlərimizin anım tədbirlərinin keçirilməsinə, Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Şəhidimiz Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov öz adından və bütün Şəhidlərin ailə üzvləri adından göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirib.
Şükür Həmidov Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90, 95 və 100 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, eləcə də “Hərbi xidmətdə fərqlənməyə görə” II, I dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı” medalı, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif edilib.
2016-cı il Aprel döyüşlərində - “Lələ təpə" yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və “Azərbaycan Milli Qəhrəmanının Qızıl ulduz” medalı ilə təltif edilib.
10 may 2016-cı il tarixdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olarkən Şükür Həmidovla görüşmüş və onun əmri ilə polkovnik- leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Şükür Həmidov Vətən müharibəsi zamanı 22 oktyabr 2020-ci il tarixdə doğulub böyüdüyü doğma Qubadlı rayonunun azadlığı uğranda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri Xiyaban”da dəfn edilmişdir. Dəfndə Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və digər hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.
Dəfn zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhidin atasına zəng edərək başsağlığı vermiş və bildirmişdir ki, Milli qəhrəmanın adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Həmidov Şükür Nəriman oğlu ölümündən sonra “Zəfər” ordeni ilə, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ailəli idi, iki övladı var.
Allah rəhmət eləsin!