Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 156 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın – avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi 65 m² olan mənzilin mətbəxi və dəhlizinin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.