Azərbaycan Milli Elmlər Akademiyası yaradıldıqdan bugünədək akademiyanın 13 prezidenti olub. Son illərdə isə AMEA-nın fəaliyyətinə münasibət birmənalı deyil. Cəmiyyətdə müzakirə olunan əsas mövzulardan biri də AMEA prezidentlərinin yaşlı insanlardan seçilməsidir.
"Unikal" son illərdə AMEA-nın prezidenti işləmiş şəxslərin siyahısını təqdim edir:
1934-cü il təvəllüdlü Akif Əlizadə 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib. 22 oktyabr 2019-cu il tarixində isə akademiyanın prezidenti vəzifəsindən ayrılıb. O, AMEA-nın prezidenti seçiləndə 79, vəzifəsindən ayrılanda isə 85 yaşı var idi.
Akif Əlizadədən sonra isə AMEA-nın prezidenti vəzifəsinə 1938-ci il təvəllüdlü Ramiz Mehdiyev seçildi. Ramiz Mehdiyev buna qədər uzun illər Prezident Administrasiyasının rəhbəri olmuşdu. 81 yaşında AMEA-nın prezidenti seçilən R.Mehdiyev bu vəzifədə cəmi iki ildən bir qədər artıq müddətə qala bildi. 2022-ci ildə AMEA-nın alimləri, institut rəhbərləri Ramiz Mehdiyevin idarəçiliyinə qarşı çıxdı. Nəticədə 84 yaşlı R.Mehdiyev istefa verərək akademiyanın prezidenti vəzifəsindən ayrıldı.
Ramiz Mehdiyevin gedişindən sonra AMEA prezidentinin səlahiyyətləri 1949-cu il təvəllüdlü Birinci vitse-prezident Arif Həşimova həvalə olundu. 73 yaşlı akademik 19 fevral 2022-ci il tarixindən bu günədək akademiyanın prezidenti vəzifəsini icra etdi.
Bu gün isə akademiyanın ümumi yığıncağı keçirildi və AMEA-nın prezidenti vəzifəsinə 1949-cu il təvəllüdlü akademik İsa Həbibbəyli seçildi. 73 yaşlı AMEA prezidenti həm də Milli Məclisin deputatıdır. O, əvvəllər Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində də çalışıb.
Qeyd edək ki, Azərbaycanda kişilər üçün pensiya yaşı 65 yaş olaraq müəyyən olunub.
Murad İbrahimli