Azərbaycan ilə Gürcüstan regionda sülhü, sabitliyi, təhlükəsizliyi və inkişafı təmin etmək üçün ciddi səylər göstərirlər. Biz bunu Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı Baş nazir İrakli Qaribaşvili ilə görüşdən sonra səslənən fikirlərdən də aydın gördük. Hər iki lider cəmiyyətə çox sağlam və lazımi mesaj verdilər.
"Unikal" xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində politoloq, Gürcüstan-Qafqaz Strateji Araşdırmalar İnstitutunun prorektoru Simon Kopadze söyləyib.
Onun sözlərinə görə, Ermənistan isə son 50 ilə yaxın bir vaxtda pozuculuq siyasəti və fəaliyyəti ilə bu inkişafa mane olur, təhülkəsizliyə və sülhə təhdid yaradır. Azərbaycan Prezidentinin Gürcüstanda səsləndirdiyi fikirlər Ermənistan üçün yaxşı dərsdir, ciddi siqnaldır. Ermənistan rəhbərliyi bundan bir nəticə çıxarmalıdır və cəfəng “böyük Ermənistan” xülyasından əl çəkib Qafqaz platformasına qoşulmalıdır. Nəhayət Ermənistan rəhbərliyi, xüsusən də separatçılar başa düşməlidirlər ki, inkişaf üçün regionda sülh olmalıdır.
S.Kopadze deyib: “Regionda sabitlik və təhlükəsizlik mühiti təkcə Azərbaycan və gürcü xalqlarının deyil, erməni xalqının da mənafeyinə xidmət edəcək. Ermənistan regionda həyata keçirilən layihələrə qoşulmağa, birgə sülh şəraitində yaşamağa məcburdur. Çünki başqa yol yoxdur”.