16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunan beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edən məktəbli qızlarımız vətənə qələbə ilə qayıdıblar.
"Unikal" xəbər verir ki, ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) gümüş medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə bürünc medal qazanıblar.
Beynəlxalq İnformatika Olimpiadasına oxşar qaydalar əsasında təşkil olunan bu yarışmada gənc xanım iştirakçılarımız təqdim olunan tapşırıqları effektiv alqoritmlər hazırlayaraq həll ediblər.
Məktəblilərimiz bu olimpiadalara İnformasiya Texnologiyaları sahəsinə xanımların cəlb olunaraq onların gələcək mütəxəssis kimi yetişdirilməsinə önəm və töhfə verən “Azercell Telekom” MMC-nin dəstəyi ilə qatılırlar.
2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 12 gümüş, 26 bürünc olmaqla, ümumilikdə 40 medal qazanıblar.