Bakıda rəfiqəsini fahişəliyə cəlb edən qadına hökm oxunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, 2020-ci ildə ölkədə sərt karantin tətbiq olunduğu zaman işsiz qalan İnarə Məmmədova (soyadlar şərtidir) rəfiqəsi, 1995-ci il təvəllüdlü Sevda Əliyeva tərəfindən fahişəliyə cəlb olunub.
Belə ki, S.Əliyeva rəfiqəsini kişi müştərilərlə görüşmək üçün Bakı şəhərində yerləşən müxtəlif otellərə göndərib. Əldə olunan pulu isə onlar öz aralarında bölüblər.
Məhkəmədə ifadə verən İnarə deyib ki, işsiz qaldıqdan sonra maddi ehtiyaclarını necə ödəyəcəyini bilmədiyindən bu yola düşüb:
"Karantin tətbiq olundu, işsiz qaldım. Sevda mənə dedi ki, sənə kömək edəcəyəm. Məni otellərdə kişi müştərilərlə görüşlərə göndərdi. Beləliklə, fahişəlik etməyə başladım. Hər dəfə qazandığım 300 manatın 100-200 manatını Sevdaya verirdim", - deyə o bildirib.
İnarə Sevdanın fahişəliyə cəlb etdiyi yeganə rəfiqəsi olmayıb. Belə ki, Sevda həmçinin Tamara adlı qadını da eyni yolla fahişəliyə cəlb edib, onun müştərilərdən aldığı pulun bir hissəsini özünə götürüb.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinib və ona 3 200 manat cərimə cəzası təyin edilib.
Seymur Əli