Azərbaycanın Baş Prokurorluğunda oktyabr ayının 25-26-da “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda keçirilən treninq başa çatıb, jurnalistlərə sertifikatlar təqdim edilib.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qurumun Mətbuat Xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn təlim zamanı medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirak edib.
Əvvəlcədən müəyyən edilmiş proqrama əsasən treninqin ikinci günündə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova prezentasiya ilə çıxışlar edib və iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyevin sosial media üçün xidməti məlumatların hazırlanma metodikasını və onların mediada yayımlama qaydasını özündə əks etdirən nitqinə treninq iştirakçıları xüsusi maraq göstəriblər.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli və Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov moderatorluğu ilə keçirilən dəyirmi masa zamanı iştirakçılar treninqin təşkili səviyyəsindən və müzakirə obyekti olmuş mövzuların tədrisindən razı qaldıqlarını, habelə gələcəkdə də bu kimi maarifləndirici tədbirlərdə iştirak etmək arzusunda olduqlarını ifadə ediblər.
Daha sonra tədbir iştirakçıları Baş Prokurorluğun inzibati binalar kompleksində keçirilən media tur çərçivəsində Vətən müharibəsinə həsr olunan tarixi-memorial qalereya ilə, müasir avadanlıqlarla zəngin olan kitabxanalarla, qabaqcıl texnikalarla təchiz olunmuş kriminalistik laboratoriyalı otaqla tanış olublar.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.