"İranın sərhəddə təlimlər keçirməsi güc nümayişi idi. Əslində isə biabırçılıq oldu. İlk növbədə orataya hər hansı bir texnika çıxarılmadı. Olanlar da 1960-cı illərin texnikaları idi".
Bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, təlimdə göstərilənlər ya İran İslam İnqilabına qədər, ya da Körfəz müharibəsində İran tərəfinə keçən silahlar idi ki, onları artıq dünyada ixtisar ediblər:
"Onlar "metallom" kimi istifadə olunur. Araz çayı üzərində körpülər salınmasına baxanda görünürdü ki, nə qədər primitivdir. 1941-45-i illərdə həmin körpüləri bundan yaxşı salırdılar. Əslində, Araz çayı üzərində hansı körpüdən söhbət gedə bilər? İndiki dünya texnikasına nəzər salsan, bu cür çaylarda körpüyə ehtiyac yoxdur. Bununla Azərbaycana güc nümayiş etdirmək istəyirlər. Azərbaycanın kifayət qədər strateji tərəfdaşı var. Digər tərəfdən, Cənubda 40 milyondan artıq azərbaycanlı yaşayır ki, onların da 70 faizi ordudadır. Azərbaycana güc göstərməyin heç bir mənası yoxdur".
İranda keçirilən aksiyalardan danışan deputat qeyd edib ki, bu aksiyalarda söhbət bir nəfərin ölümündən getmir:
"Artıq İranda aksiyalarda ölənlərin sayı 300-ü ötüb. Bununla yanaşı, xeyli aksiya iştirakçısı həbs olunub. İnsanlar bu rejimdən yorulublar. İrandakı etiraz aksiyaları idarəetmə sisteminə qarşıdır. Doğrudur, Məhsa Əmininin ölümü bu aksiyaların başlaması üçün qığılcım oldu. Amma aksiyalar tək bir insanın ölümü ilə bağlı deyil. Artıq insanlar İranda bu vəziyyətdə yaşamaq istəmirlər. Aksiyalar isə getdikcə genişlənir. Repressiyalara baxmayaraq, aksiyalara qoşulanların sayı artır. Bu, İran İslam İnqilabından sonra bu ölkədə olan ən böyük iğtişaşlardır".
Anar Kəlbiyev