Deputat Siyavuş Novruzov son günlər mətbuatda və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

"Unikal" xəbər verir ki, deputat Milli Məclisdə çıxışı zamanı qeyd edib ki, Prezident İlham Əliyevin Şərqi Zəngəruz açılması, sülh müqaviləsinin imzalanması və digər vacib məslələrlə bağlı iş gördüyü vaxtda belə mövzunun yeridir?

"Bunu edənlər erməni və fransız dəyirmanına su tökənlərdir. Həmin qüvvələrə qarşı kəskin mövqe ortaya qoyulmalıdır. Naxçıvan Muxtar Respublikasının statusu nə etnik, nə də millidir. Bu, siyasi statusdur. Naxçıvan Azərbaycandan ayrı düşdüyündən idarəetmə mexanizminin yüngülləşdirilməsi üçün bu muxtar status verilib. Dünya təcrübəsində də belə faktlar var. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olanda da AXC-Müsavat cütlüyü cəhd göstərirdi ki, Naxçıvanın statusu ləğv edilsin. İndi də onların tör-töküntüləri bu məsələni ortaya atıb. Bunun üçün birincisi, referendum çağırılmalıdır. Naxçıvan Muxtar Respublikasına qarşı aparılan təxribat xarakterli müzakirələrə son qoyulsun, suyu bulandırmasınlar”.

Spiker Sahibə Qafarova isə bildirib ki, mediada çox şey yazıla bilər: “Naxçıvan Muxtar Respublikasının statusu məsələsinə heç kimin şübhəsi yoxdur”.