Düşüncələrimi ipə-sapa düzməkdən ötrü yaddaşımda son 30 ilin salnaməsini varaq-varaq çevirirəm...

Düşünürəm ki, bu tarixin hər səhifəsində bu təsisatın adı var, imzası var.

Yeni Azərbaycan Partiyasının - doğma partiyamın yaranmasından 30 il ötür və mən bir igidin ömrü qədər olan bu illər haqqında düşüncələrimi yazıya çevirmək istəyirəm.

Bu illər təkcə bir siyasi partiyanın fəaliyyət müddəti deyil, Azərbaycanın müstəqillik tarixinin böyük bir parçasıdır, əslində, elə bu tarixin özüdür, çünki bu tarix Yeni Azərbaycan Partiyası ilə birgə yaşanıb, birgə yaradılıb və birgə yazılıb!..

Xəyal məni bir anlıq neçə ilin əvvəlinə, təlatümlü günlərə aparır, belə bir partiyanın meydana çıxması zərurəti, bunu vacib edən səbəblər, film kimi kadrlar, epizodlar gözlərimin önündən ötüb keçir.

Və insan psixologiyası ilə ictimai şüur arasındakı bənzərliklərə heyrətlənməyə bilmirəm...

30 il əvvəl Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycan xalqı təhlükələr qarşısında özünü, dövlətini qorumaq gücünü göstərdi. 

Elin, ulusun ağır çətinliklərlə üzləşib, gələcəyə tərəf səmtini itirdiyi, müstəqillik yolunun ta başlanğıcında çar-naçar qalıb yenicə göyərən ümidlərini, arzularını, istiqlal ruhunu əldən vermək üzrə olduğu zamanda arasındakı ən güclü birinin, bu gücü də sözdə deyil, əməllərində təsdiqləmiş əsl Liderin ətrafında birləşməsi, taleyini onun müdrikliyinə etibar etməsi ulularımızdan gələn mənəvi haraya cavab, onların yolunun davam etdirilməsi, mənəvi mirasının yaşadılması idi.

Xalqımızın öndə gedən insanları, xalqın, dövlətin gələcəyinə görə məsuliyyət hissi duyan düşünən beyinləri ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycanın böhranlı günlərində belə etdilər və onların səsinə səs verən cəmi xalqımızla birgə müstəqil dövlətimizin keçmişini, bugününü və gələcəyini hifz etmiş oldular.

Nə yaxşı ki, belə bir düz yol seçildi, ona görə Azərbaycan əsrlərboyu başımıza gələnlərə rəğmən bu günə qədər mövcuddur, ayaqdadır, qüdrətlidir, xalqımızın milli ruhu, kimliyi yerindədir.

Diridir, oyaqdır...  

***
Yeni Azərbaycan Partiyası xalqımızın yeniliklər, müsbət dəyişikliklər arzusunun ifadəsi kimi dünyaya gəldi, bununla belə keçmişin nailiyyətlərinə də xilaf çıxmadı bu partiya, gələcəyi keçmişin təcrübə və ənənələri üzərində yaratmaq yolunu seçdi və Ümummilli Liderimiz Heydər Əliyevin də bəyan etdiyi kimi, dünənin, bugünün və gələcəyin partiyasına çevrildi.

Dünənin, bu günün və gələcəyin partiyası!..

Aradan illər keçəndən sonra bu bir neçə kəlmənin mahiyyətinə varanda Heydər Əliyev müdrikliyinə bir daha heyran qalırsan.

Bu üç kəlmədə üç zaman bir araya gəlib...

Bu üç kəlmədə üç zaman  bir-birinə söykək olub...

Bu üç kəlmədə dünyanın, həyatın ahəngi kimi, üç zaman bir-birini tamamlayır...

Keçmiş, bu gün və gələcək!!!

Heydər Əliyevin böyüklüyü onda idi ki, o, heç zaman keçmişinə kəc baxmadı, əksinə, dünəni ilə daim qürur duydu. Çünki ömrün hər gününü şərəflə yaşamışdı, ömrün hər gününün məsuliyyətini dərk etmişdi və başqalarından da əsas gözləntisi bu idi.

İnanırdı ki, onun zəkası işığında, əzəmətli şəxsiyyətinin kölgəsində yaradılan partiya da məhz belə olacaq. 

Yanılmadı!..

Heydər Əliyev zamana insanın öz dəyərlərinə, prinsiplərinə, ideyalarına sadiqliyinin ölçü vahidi kimi baxırdı.

Özü bu sədaqəti keçMişinin hər anında qorumuşdu, hesab edirdi ki, digərləri də həyatın ucuz parıltılarına aldanıb ideallarını qat-qat aşağı nəsnələrə qurban verməsələr, mənəvi zirvələrdə qərar tuta bilərlər.

O, büsbütün dövlət adamı idi, illərin təcrübəsi ilə bir dövlətin necə idarə edilməli olduğunu, hüquq və öhdəliklərini incəliklərinə qədər duyurdu, cəmiyyətin ehtiyaclarını, qayğılarını, güclü və zəif tərəflərini hiss edirdi, problemlərin necə yoluna qoyulmalı olduğunu bilirdi.   

Yeni Azərbaycan Partiyasının fəaliyyətinə, qarşıya qoyduğu məramlara da Heydər Əliyev belə baxırdı. İnanırdı ki, bu partiya o illərin çox yayğın küçə-meydan təfəkküründən, qaragüruh düşüncələrindən, hər şeyi bir anda tar-mar edib guya yerində qısa müddətə nəsə yaratmaq hay-küyündən uzaq duracaq.

Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verəcək, öz sıralarında ən sağlam düşüncəli adamları bir araya gətirib, cəmiyyətdə mütərəqqi dəyişiklik, inkişaf meyillərinin tərcümanı olacaq.

Bu meyillərin insanlar arasında düzgün yayılmasına, görülən işlərin doğru kommunikasiyasına, atılan addımların öz məqsədinə çatmasına yardım göstərəcək. 

Heydər Əliyev qurucu bir insan idi, nəyisə qurub-yaratmağın, köklü dəyişikliklər aparmağın necə çətin, uzun vaxt alan proses olduğunu, cəmiyyəti xaosa, anarxiyaya, başıpozuqluğa çəkməyin insanların həyatına hansı fəlakətləri gətirəcəyini yaxşı görürdü, toplumun dəyişiklikləri tədrici və daim hər günkündən bir az da yaxşılığa doğru davam edən bir proses kimi anlamalarını arzulayırdı.

Heydər Əliyev yaxşı bilirdi ki, küçədə-meydanda şüarlar hayqırmaqla dövlət qurulmaz, xalqın taleyi küçələrdə həll olunmaz, demokratiya adı altında cəmiyyəti saran xaos mühiti insanların həyatına ancaq ağrı-acılar gətirə bilər, necə ki, 90-cı illərin əvvəllərində gətirirdi.

Bu böyük dövlət adamının onun adı ətrafında, ideyaları işığında yaradılan Yeni Azərbaycan Partiyasına böyük ümidləri vardı və partiya uzun illər davam edən fəaliyyəti ilə bu ümidi doğruldaraq dünənin, bugünün və gələcəyin partiyası inamını qorudu.   

Adətən, o təsisatlar böyük uğur qazanır və tarixdə əbədi olur ki, onları zəmanə özü yaratsın, dövr özü ərsəyə gətirmiş olsun.

Yeni Azərbaycan Partiyası da zəmanənin yaratdığı, tarixi şəraitin həyat verdiyi siyasi təsisatdır və bu partiyanın 30 illik fəaliyyəti boyu qazandığı uğurların mayasında bu HƏQİQƏT durur.

***

Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində müstəqilliyini yenicə qazanmış dövlətimiz ağır günlərini yaşayırdı. Ermənistanın ölkəmizə qarşı işğalçı müharibəsi davam edirdi, lay divar oğullarımız cəbhədə həyatlarını itirirdilər, düşmən əlinə keçən torpaqlarımızın əhatəsi getdikcə böyüyürdü, aparılan siyasətin yanlışlığı ucbatından qonşularla münasibətlər gərginləşdiyindən onlar da açıq-gizli dəstəkləri ilə Ermənistanın əlini gücləndirirdilər.

Başda əyləşənlərinsə başı hakimiyyət davasına, vəzifə kürsülərinin bölgüsünə qarışmışdı, Azərbaycanın taleyi onları o qədər də maraqlandırmırdı. Cəmiyyətdə ümumi bir məyusluq əhvalı hökm sürürdü. Hamı hakimiyyəti təsadüflər nəticəsində ələ keçirmiş səriştəsizlərin ölkəni uzağa apara bilməyəcəklərinin fərqində idi.

Həmin vaxtlar xüsusilə Naxçıvan çox ağır günlərini yaşayırdı. Hakimiyyət rəhbərliyi Moskvadan qayıtdıqdan qısa müddət sonra yerli sakinlərin dəstəyi ilə Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyevə qısqanc münasibət bəslədiyindən bu bölgəni taleyin ümidinə buraxmışdı.

Blokada şəraitində, qışın şaxtasında işıqsız, qazsız, çörəksiz qalmış soyuq Naxçıvan bir də hakimiyyətin soyuq münasibətinin məşəqqətlərini yaşayırdı. Belə bir durumda Heydər Əliyevin əzmini, iradəsini ümid işığına çevirərək Naxçıvanı qoruması, bütün imkanlardan istifadə etməklə onu ağır vəziyyətdən çıxarmağa çalışması insan fədakarlığının rəsmi idi.

***
...Bu sətirləri yaza-yaza unudulmaz 1992-ci ili, həyəcan və intizar dolu bir axşamı xatırlayıram...

Bir qrup jurnalist Naxçıvana getmişdik, soyuq bir payız günü idi, hamılıqla qərara gəldik ki, Heydər Əliyevi mütləq və mütləq ziyarət etməliyik.

Üzdə bəlkə büruzə verməsək də, hər birimizin içində qəribə bir həyəcan vardı - Azərbaycan xalqının XX əsrdə yetirdiyi, uzaqdan-uzağa görüb varlığı ilə qürur duyduğumuz ən böyük dövlət adamı ilə görüşməyin, üz-üzə əyləşməyin, kəlmə kəsməyin həyəcanı... 

Bu əzəmətli Lideri ilk dəfə idi ki, bu qədər yaxından görürdüm, onun media mənsublarına isti münasibətinə, rəğbətinə şahid olurdum...

Ziyarətinə gəlmiş jurnalist qrupunu elə Naxçıvan Ali Məclisinin binası önündə, pilləkənlərin üstündəcə qarşıladı, sonra söhbətimizi Heydər Əliyevin iş otağında davam etdirməyə başladıq, Ulu Öndərin ətrafında dövrə vurub əyləşdik, onun xoş aurasına düşdük.

Qrupumuzda müxtəlif firqələri, siyasi baxışları, mövqeləri təmsil edən jurnalistlər vardı, amma Heydər Əliyev şəxsiyyəti aradakı bütün fərqliliklərə rəğmən hamını öz ətrafında bir araya gətirmişdi.

Bu mənzərə - sanki balaca bir iş otağına sığışmış Azərbaycanın kiçik simvolu idi.

Onun aurasında, söhbətlərində, baxışlarında, bölüşdüyü düşüncələrində hər hansı ayrıcalıqlar yox idi, Azərbaycanın gələcəyi vardı, ölkənin taleyi ilə bağlı əndişələr, qayğılar ifadə olunurdu, müstəqil dövlətimizin gələcəyinə strateji baxış ortaya qoyulurdu, vəziyyətdən çıxmaq üçün görülməli olan işlərdən söhbət açılırdı.   

Naxçıvanda işıqlar yanmırdı...

Elektrik enerjisi fasilələrlə verilirdi - yazardım, amma buna heç fasilələrlə verilmək də demək olmazdı.

İqlimi kifayət qədər sərt olan, qışda havaların indikindən də soyuq keçdiyi, şaxtanın qılınc kimi kəsdiyi o illərdə hər yerdən təcrid olunmuş, evlərində işıq, qaz yanmayan, insanları övladlarının qarnını doyurmağa gündəlik bir parça çörəyin qayğısı ilə yaşayan bir bölgə təsəvvür edin.

Heydər Əliyev o ağır vaxtların Naxçıvanına rəhbərlik edirdi, bizimlə söhbətləşdiyi bu alaqaranlıq, soyuq iş otağında gecəsini-gündüzünə qatıb vəziyyətdən çarə tapmağa çalışırdı, gümanı gələn yerlərdən, xüsusən dar günlərimizin həyanı qardaş Türkiyədən kömək istəyirdi, şəxsi nüfuzunun gücü ilə mümkün köməyi alırdı və bununla Naxçıvanı qoruyurdu.  

***
Heydər Əliyevin iş otağında idik, masasının üzərində neft çırağı yanırdı, çırağın şöləsi Onun tunc kimi möhkəm, qətiyyətli çöhrəsində əks olunur, divara bu böyük şəxsiyyətin əzəmətli kölgəsi düşürdü.

Cəmi bir neçə il əvvələ qədər böyük imperiyanın rəhbər şəxslərindən biri kimi qurulmasına, inkişafına bilavasitə rəhbərlik etdiyi nəhəng infrastruktur layihələri ilə ittifaq boyu insanların evlərini, iş yerlərini işığa, nura qərq edən, milyonlarla insanın həyatına rahatlıq gətirən dövlət adamının indi özünün neft çırağının işığında əyləşib çalışması, balaca bir şəhərə heç olmasa ikicə saatlığına elektrik enerisinin verilməsi üçün çarə araması adama o qədər heyrətli gəlirdi ki...

Amma qəribədir ki, bu düşüncələrdə ümidsizliyə, bədbinliyə də yer yox idi!

Və ola da bilməzdi!..

Çünki qarşımızda problemlərlə mübarizə aparan, çətinliklərin üzərinə gedən və əzəməti ilə bütün çətinliklərdən də, problemlərdən də daha böyük, daha güclü, daha uca görünən əsl şəxsiyyət əyləşmişdir.  

Heydər Əliyevin səsindəki qətiyyət adama ancaq ruh verirdi.

Hiss edirdin ki, pis günün ömrü az olacaq...

Bu çətinliklər, çarəsizliklər, qayğılar ötüb keçəcək...

Heydər Əliyev mütləq işıqlı bir yol tapacaq, mütləq!..

O danışırdı, jurnalist həmkarlarımızın adda-budda suallarını cavablandırırdı, özü bizə suallar ünvanlayırdı, ölkədəki vəziyyətdən dolayı narahatlıqlarını, nigaranlıqlarını bölüşürdü, hərdən söhbətimizi kəsən telefon zəngləri ilə qonşu dövlətlərin rəhbərləri ilə danışırdı və biz onun əzəmətində, düşüncələrində, gələcəyə baxışında Azərbaycanı qısa zamanda çətin durumdan çıxarmağa qadir Lideri görürdük.      

Əslində, bu, bütün Azərbaycan xalqının baxışı idi!..

Onun üzündəki çıraq şöləsindən bütün Azərbaycan vətəndaşlarının ürəyinə ümid işığı düşürdü, bütün Azərbaycan xalqının nəzərləri Naxçıvana dikilmişdi, düşüncələrdə onun adı əks-səda verirdi, qəlblərdə onun tezliklə Azərbaycanı üzləşdiyi vəziyyətdən çıxaracağına inam göyərirdi.

Yeni Azəbaycan Partiyasını bu inam dünyaya gətirdi...

Qəlblərdəki o yaşıl ümid fidanları pöhrələnərək, torpağın dərinliklərinə rişələnərək, partiyanın emblemindəki köklü-köməcli həyat ağacının simvoluna çevrildi.

***
Heydər Əliyevlə görüşümüzdən cəmi bir neçə gün sonra tarixə "91-lər" kimi düşəcək bir qrup tanınmış ziyalımız Heydər Əliyevə üz tutub, Yeni Azərbaycan Partiyasının yaradılmasını və bu partiyanın fəaliyyətində iştirak etməsini ondan xahiş etdi.

Heydər Əliyev ziyalıların müraciətini hər zamankı kimi, onda da cavabsız qoymadı, onların çağırışına həssaslıqla yanaşdı, müraciətə cavab verərək belə bir partiyanın yaradılmasının tarixi zərurətdən doğduğunu və əgər bu partiya yaradılarsa, onun işində iştirak etməyə hazır olduğunu bildirdi.

Onda Naxçıvana gediş-gəliş indiki qədər asan, uçan təyyarələr isə təzə, rahat və təhlükəsiz deyildi. Üstəlik, Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiyanın təsis konfransında iştirak etmiş şəxslərin ovaxtkı hakimiyyətin təzyiqləri ilə üzləşəcəkləri də şübhə doğurmurdu. Məqam sahibləri onları buna görə cəzalandırmağa çalışacaqdılar, küçələrdə silahlı adamların at oynatdığı, xaotik bir vəziyyətin hökm sürdüyü zamanda belə bir cəsarət hətta kimlərəsə həyatları bahasına başa gələ bilərdi.

Buna rəğmən insanlar bütün təhlükələri gözə alaraq ürəklərinin səsi ilə Yeni Azərbaycan Partiyasının təsis yığıncağında iştirakı özlərinə borc bilmişdilər.

Konfransda Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi!..
***

Yeni Azərbaycan Partiyasının 30 illik tarixində bir məqam həmişə diqqətimi çəkib. Adətən partiya yaradılır və Liderini hakimiyyətə gətirir, Yeni Azərbaycan Partiyasının tarixində isə proses fərqli məcrada baş verdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev xalqın israrlı çağırışları, böhran vəziyyətində başını itirmiş ölkə rəhbərlərinin acizanə xahişləri ilə Azərbaycanın ali rəhbərliyinə qayıdışı ilə Yeni Azərbaycan Partiyasını da hakimiyyətə gətirdi.

Heydər Əliyevin müstəqil dövlətimizin gələcəyi ilə bağlı ideallarının gerçəkləşməsində, qarşıya qoyduğu strateji vəzifələrin yerinə yetirilməsində, xalqın arzularının reallaşdırılmasında Yeni Azərbaycan Partiyası da bütün gücünü, potensialını ortaya qoydu. Bu qurumda bir araya gələn, zaman-zaman Yeni Azərbaycan Partiyasına axın edən sağlam təfəkkürlü insanların timsalında dövlət quruculuğu proseslərinin,  sosial-iqtisadi islahatların, demokratik inkişafın, vətəndaş cəmiyyətinin formalaşmasının avanqardına çevrildi.           

Həyata keçirilən islahatların öz məqsədlərinə çatmasında, baş verən dəyişikliklərin düzgün anlaşılmasında, qazanılmış nailiyyətlərin daha da möhkəmləndirilməsində və inkişafa mane olan səbəblərin vaxtında üzə çıxarılaraq həllində mühüm rol oynadı. 

Yeni Azərbaycan Partiyası bu illərdə ölkədə inkişaf proseslərinin həyata keçirilməsi üçün son dərəcə zəruri olan peşəkar kadr bazasını formalaşdırdı, gənc nəslin vətənpərvərlik tərbiyəsində, dövlətçilik təfəkkürünə yiyələnməsində, xanımların ictimai fəallığının təmin olunmasında böyük işlər gördü.  

 Bu partiya cəmiyyətimizə siyasi mədəniyyət gətirdi, çoxpartiyalı sistemin inkişafında müstəsna əməyi oldu, milli maraqlar məsələsini aktuallaşdırdı, demokratiyanın təməl düsturlarından olan "çoxluğun hakimiyyəti, azlığın hüquqları" düşüncəsini təfəkkür tərzinə çevirdi, fərqli baxışlar, mövqelər arasındakı ziddiyyətləri diskussiya məcrasına yönəltdi, ali qanunverici orqanda çoxluqda olan partiya kimi milli parlamentarizm ənənələrimizin inkişafına mühüm töhfələr verdi.    

Yeni Azərbaycan Partiyası milliyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycanı özünə Vətən bilən, bu torpaqlara qəlbən bağlı bütün insanların partiyası oldu, Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının cəmiyyətdə yayılmasında əhəmiyyətli rol oynadı, ictimai dialoq təşəbbüsləri, məsələlərə sağlam münasibəti, daimi inkişaf çağırışları, Azərbaycana fayda vermək istəyən bütün insanlara dəstəyi ilə hətta bu quruma üzv olmayanların da doğma partiyası kimi tanındı.    

Bu partiya müstəqillik dönəmində Azərbaycanda seçki ənənələrini inkişaf etdirdi, seçkilərdə geniş təmsilçiliyi, təşkilati dəyərləri, idarəetmə strukturları, ətrafında bir araya gələn sosial bazası ilə daim örnək sayıldı. 

***
Yeni Azərbaycan Partiyası - irslə varislik arasındakı vəhdətin, bağlılığın nümunəsini yaratdı, düşüncənin gücünü, enerjisini göstərdi, ideya ətrafında yaradılmış siyasi təşkilatın ilk Liderinin cismani yoxluğu dövründə də Onun ideyaları işığında yenə necə inamla, mətinliklə yoluna davam etməsinin, daha da güclənməsinin, milli maraqlara, Vətənin inkişafına xidmət göstərməsinin parlaq örnəyini ortaya qoydu.

Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra üzvlərin yekdil dəstəyi, xalqın sosial sifarişi ilə Yeni Azərbaycan Partiyasının Sədri seçilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi uğurlar timsalında Ulu Öndərin bütün arzuları yerinə yetdi.

Bu böyük dövlət adamının Yeni Azərbaycan Partiyasının məqsədləri və vəzifələrində də öz ifadəsini tapmış ən böyük, ən ülvi vəsiyyəti isə 2020-ci ilin 8 Noyabr günündə - Zəfər Günümüzdə gerçək oldu...

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həmin günün səhəri Fəxri xiyabana gedərək, Ulu Öndərin abidə-kompleksi önündə Şuşanın azadlığı xəbərini, Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi müjdəsini qəlbinin səsi ilə Heydər Əliyevin Vətən səmalarında dolaşan əbədiyaşar ruhuna yetirdi, daha sonra torpaq uğrunda canını fəda etmiş övladlarımızın uyuduğu məkandan - Şəhidlər xiyabanından, Azərbaycan paytaxtının coğrafi baxımdan da, mənən də ən uca məqamlarından birindən bu xoş xəbərin sevincini bütün dünya azərbaycanlıları ilə, bizi istəyən, haqq işimizi dəstəkləyən hər kəslə paylaşdı.          

Necə də gözəl, şərəfli və tarixi məqamlar...

Qanad açıb uçmaq istəyirsən...

Yeni Azərbaycan Partiyası yaradılan zaman ürəklərdə dolaşan, müqəddəs dua misalı dillərdə zikr olunan bir arzumuzu da başa vardı...

Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və bu partiya tarixinin ən qüdrətli dövrünü yaşayan, haqq savaşında qalib gəlmiş güclü bir dövlətin hakim partiyası kimi əbədiyaşar oldu...

Dönüb geriyə baxıram... Qəlbimi sevinc, fərəh hissi bürüyür: bəli, dövlətimiz və dövlətçiliyimiz etibarlı əllərdədir!..

Yenilənmə - heç zaman başa çatmayan, davamlı olaraq cəmiyyətin ümumi əhvalını, insanların təfəkkürünü təravətləndirən, gələcəyə, təzətər arzu və ümidlərə kökləyən, daha böyük nailiyyətlərə yönləndirən əbədi prosesdir.

Yeni Azərbaycan Partiyası da adındakı yenilik ruhuna, zamanla birgə yenilənmə prinsipinə sadiqdir.

Həyat dəyişdikcə bu partiya da dəyişir, fəaliyyətini müasir çağırışlara uyğunlaşdırır, inkişaf proseslərinin önündə addımlayır.

Şərəflə, zəfərlə addımlayır!..

Yeni Azərbaycan Partiyası zamandan irəlidə olan partiyadır və doğma partiyamızın fəaliyyət tarixini müəyyən edən 30 il rəqəmi də bu təsisatın möhtəşəm imzası kimi əbədi parlayacaq!..
Tarixi yubileyin mübarək, doğma partiyam!

Azərbaycan var olduqca, yeniləndikcə, inkişaf etdikcə Sən də var olacaqsan!..

İmamverdi İSMAYILOV,
yazıçı-publisist