Prezident İlham Əliyev ata vəsiyyəti ilə Şuşanı əbədi qoruma qüvvəsi altına aldı

İki il öncə - noyabrın 8-də Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəndə yəqin ki, hamımız hansısa qeyri-adi hadisənin baş verdiyini hiss etmişdik. Hələ müharibə bitməmişdi. 30 il öz doğmalarını gözləyən torpaqlarımızın işğaldan azad olunması, millətin qələbə ruhu, Vətən yolunda şəhid olan qəhrəmanların ürəyimizi dağlayan ağrısı fonunda Prezidentin Şəhidlər Xiyabanından xalqa etdiyi müraciət Azərbaycan tarixinin ən parlaq səhifəsini yazırdı. Şuşa öz azadlığına qovuşmuşdu və bunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordusu eləmişdi. 

Qalib gələn təkcə ordu deyildi, tariximizin ən şərəfli döyüşündə bütün xalq qalib gəlmişdi. Bizim vətənpərvər, qələbə ruhlu gənclərimiz Şuşanı azad etməklə 30 il başıaşağı gəzən millətin başını ucalara qaldırmışdı, üzünü ağ eləmişdi. Prezident İlham Əliyev bu qələbəni qazanmaqla həm də ATA VƏSİYYƏTİNİ yerinə yetirmişdi. Onun “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri ulu öndər Heydər Əliyevin ruhuna dua kimi səslənmişdi. Axı, bu, həm də Heydər Əliyevin qələbəsi idi, onun işıqlı fikirlərinin, ideyalarının zəfəri idi. 

Ulu öndər Heydər Əliyevə Prezident İlham Əliyevin bu parlaq zəfərini görmək qismət olmadı. Amma biz hamımız yaxşı bilirik ki, o, 1993-cü ildə öz xalqını qırğınlardan, yox olmaqdan qorumaq, müharibənin külləri içərisində olmayan dövləti qurmaq üçün hansı fədakarlıqlardan keçdi. Azərbaycana sahib çıxıb onun müstəqilliyini əbədi və dönməz etməküçün hansı iztirablara qatlandı. Heydər Əliyev həm də ona görə bu yolu seçdi ki, o, tarixin ən hünərli hadisələrini yaratmış bir xalqı yağı düşmənin əsirinə çevirmək istəmədi. Ona görə də ulu öndər ölkənin problemləri bir-bir yoluna qoyarkən yenə də xalqa, onun vəfasına və böyüklüyünə arxalandı. “Xalqla Azərbaycan Prezidentinin birliyi, həmrəyliyi dövlət müstəqilliyimizin bu gün də, gələcəkdə də əsasını təşkil edir” deyən Heydər Əliyev qanlı müharibədən ağır itkilərlə çıxan xalqın önündə heç vaxt təmkinini, nə də qətiyyətini pozmadı, milləti mənən ölməyə qoymadı. “Hər bir vətəndaşın kədəri, dərdi Azərbaycan Prezidentikimi mənim də dərdimdir” deyərək insanlara arxa-dayaq oldu.

Heydər Əliyevi ən çox yaralayan həm də Şuşasızlığın əzabı idi. Ulu öndər hələ Azərbaycana rəhbərliyinin birinci dövründə dəfələrlə Şuşada olmuşdu. Bir çox mədəniyyət tədbirlərində iştirak etmişdi, Qarabağın, həmçinin, Şuşanın inkişafı ilə bağlı tədbirlər görmüşdü. Heydər Əliyev Şuşanın hərbi-strateji mövqeyini də yaxşı bilirdi. Dağların zirvəsində qərar tutmuş qədim Azərbaycan yurdunun yalnız xəyənət nəticəsində alına biləcəyini söyləyirdi. Çıxışlarının birində deyirdi ki, “Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar. Bu şəhərdə Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıb”. Bununla da Heydər Əliyev Şuşanın xalqımızın mənəvi dünyasında yaratdığı boşluğun ağrısını yaşayırdı. Amma o, əmin idi ki, gec-tez Azərbaycan xalqı bu haqsızlığa son qoyacaq, Şuşa öz əzəli sahiblərinə qayıdacaq. Ulu öndər bu sözləri deməklə həm də millətin ruhunuölməyə qoymurdu. O, yaxşı bilirdi ki, əsas ruhdur. Xalqımız da 30 ildə bu ruhla yaşadı və bu ruhla da Şuşanı azad etdi. 

Ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın bir nömrəli problemi adlandırırdı. O, bunu nə xalqın, nə də dövlətin yox, həm də özünün probleminə çevirmişdi. Çünki o, məsələnin mahiyyətini bilirdi. Heydər Əliyev Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərin hətta sovet dönəmində də separatçılıq hərəkətlərinə şahidlik etmişdi. Ötən əsrin 60-cı illərində Qarabağda ermənilər yenidən baş qaldıranda qarşılarında qətiyyətli dövlət xadimini görmüşdülər. Artıq əvvəlkilərdən fərqli olaraq bu dəfə vəziyyətə nəzarət edən şəxs vardı. Ona görə də ulu öndərin Qarabağda erməni separatizminə qarşı apardığı mübarizə düşünülmüş və milli maraqları əks etdirən siyasətə əsaslanırdı. 

Belə hadisələrdən biri 1977-ci ildə baş vermişdi. SSRİ-nin yeni Konstitusiyası ilə bağl təşkil edilən dövlət komissiyanın iclasında ermənilər Mərkəzi Komitənin katibi, akademik Ponomaryovun dəstəyi ilə Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırırlar. Onlar məsələnin komissiyanın müzakirəsinə çıxarılması üçün dəridən, qabıqdan çıxırdılar. Təbii ki, Heydər Əliyev bunabiganə qala bilməzdi və çox keçməmiş Brejnevin göstərişi ilə məsələ gündəlikdən çıxarılır. Bu, Heydər Əliyevin o vaxta qədər qarşısını aldığı yeganə erməni təxribatı deyildi. 1967-ci ilin iyununda Xankəndində də milli zəmində qanlı cinayət törədilmişdi, küçələrdə millətçi vərəqələr paylanmışdı. Məqsəd hadisələri qızışdırıb etnik qarşıdurma törətmək, nəticədə azərbaycanlıların Qarabağdan köçürülməsini və ərazinin Ermənistana birləşdirilməsini təmin etmək idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının çevik müdaxiləsi bu hadisənin də qarşısını aldı. İşin istintaqını Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Heydər Əliyev şəxsən öz nəzarətinə götürmüşdü. Bu hadisədən iki il sonra - 1969-cu il mayın 7-də SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistana verilməsi haqqında 1938-ci ildə qəbul edilən qərarı təsdiqləmişdi. Bu hadisədən təxminən iki ay sonra Azərbaycana rəhbər təyin edilən Heydər Əliyevin ilk işi bu qərarın icrasını dayandırmaq oldu.

Ulu öndər Heydər Əliyev Qarabağ məsələsində hərtərəfli fəaliyyət nümayiş etdirirdi. 1979-cu ildə “Ağdam-Xankəndi” dəmiryolunu çəkməklə Qarabağın respublikanın digər rayonları ilə sıx iqtisadi əlaqəsini təmin edən Heydər Əliyev Xankəndidə açdığı Pedaqoji İnstitutda Azərbaycan bölməsi yaratmaqla yeni elmi-mədəni mühitin əsasını qoydu. Əsas məqsəd milli ruhun oyanışına nail olmaq idi və bu məsələdə Şuşa şəhəri mərkəz rolunu oynayırdı. Heydər Əliyev Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyev deyirdi ki, Şuşa qalasını qorumaq onu işğaldan qurtarmaqdan daha asan idi. “Mən heç vaxt razılaşa bilmərəm ki, Azərbaycan xalqı kimi qəhrəman bir xalq Şuşa qalasını qoruyub saxlaya bilməyəydi” deməklə əli xalqın qanına batmış milli xəyanatkarları, öz şəxsi mənafelərinə çatmaq üçün min hoqqadan çıxan satqınları qınayırdı. Ona görə də xalqın istəyi Heydər Əliyev üçün hər zaman bütün planların önündə dayandı. O, hakimiyyətinin ilk günlərində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı özünün və qurduğu dövlətin əsas prinsipini açıqlamaqla Qarabağın taleyini də müəyyən etdi. Prinsip belə idi: nə olur-olsun biz yolumuzdan dönməyəcəyik.

Amma Heydər Əliyevin Qarabağ məsələsindəki prinsipiallığı bəzi xarici qüvvələrlə yanaşı, yerli bədxahları da bərk narahat edirdi. Qarabağı qarış-qarış satanlar müxalifət donunda ona qarşı çıxır, torpaqların işğalı faktından yararlanıb yenidən hakimiyyətə can atırdılar. Onlar hətta Lissabon zirvə görüşündə Azərbaycanın qazandığı tarixi naliyyəti də təhrif etməyə çalışırdı. Baxmayaraq ki, bu zirvə görüşündə ATƏT-ə üzv 54 dövlətdən ancaq Ermənistan narazı qalmışdı. Lissabon sənədi ermənilərin Qarabağa müstəqillik statusu almaq xülyasının üstündən xətt çəkmişdi. Ermənistan atəşkəs elan olunandan keçən 2 il ərzində ən böyük diplomatik fiaskoya uğramışdı. Heydər Əliyev isə qalib gəlmişdi. Çünki 54 dövlətin qarşısında qətiyyətlə bəyan etmişdi ki, “biz heç vaxt öz torpağımızın bir metrini, bir santimetrini də heç kəsə verməyəcəyik”.

Bununla da münaqişənin həlli müstəqil Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyevin  siyasi xəttinin və diplomatik fəaliyyətinin əsasını təşkil etdi. Qarabağın tarixini, onun siyasi və iqtisadi əhəmiyyətini, mədəni-mənəvi həyat tərzini yaxşı bilən Heydər Əliyev işğalın presedentə çevrilməsinə imkan vermədi. Bunu dünyanın demokratik dəyərlərinə, insan hüquqlarına edilən təcavüz aktı kimi tanıtdı. O fövqəladə istedadı ilə imkansızı mümkün etdi və bizlərə güclü Azərbaycanı yadigar qoydu. Bəlkə də onun dövründə indiki uğurlara çatmaq çətin olardı. Amma Heydər Əliyev sahib olduğu misilsiz liderliyi sayəsində Qarabağın mənimsənilməsinə imkan vermədi, o, Qarabağa xalqın qəlbində əbədi abidə ucaltdı. O, Azərbaycan xalqının gələcəyinə yön verdi və bu yolla gedən millət Vətən müharibəsindəki qələbənin tacı olan Şuşanı azad etməklə ümummilli hədəfə çatdı. Azərbaycan əsgəri Şuşanı azadlığına qovuşduraraq müharibənin müqəddaratını da həll etmiş oldu və beləcə, biz qalamıza qalxdıq. Bununla da müstəqilliyin övladları yüksək hərbi rəşadət göstərərək tarixdən gələn şanlı ənənələri təkrarladı, xalqımızın cəngavərlik ruhunu bütün dünya gördü. 

Bu gün isə qüruru kədərindən böyük olan xalqımızın mərd övladları Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağı yenidən qurur, düşmənin 30 il dağıtdığı torpaqlara həyat verir, nəfəs verir. İndi bu işi görənlər də gənclərdir. İki il öncə Qarabağı azad edənlər indi azad etdikləri torpaqlarda yurd salırlar. Amma təhdidlər bitməyib. Biz hələ də bu parlaq qələbəni gözü götürməyənlərin şər-böhtanı, təxribatları ilə üzləşirik. Onlar unudur ki, öz tarixinin ən böyük naliyyətini canı-qanı bahasına qazanan, 30 il keçməsinə baxmayaraq, öz torpağını unutmayan, onu ana laylası kimi öz yaddaşında, qan yaddaşında yaşadan xalq hər bir təhdidin, hər bir təxribatın öhdəsindən layiqincə gələr. Bundan sonra heç bir qüvvə Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməz. Bir də onlar unutmamalıdır ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycan xalqı üçün kim idisə bu gün Prezident lham Əliyev həmin missiyanı uğurla yerinə yetirir. Xalqımız öz liderinin, şanlı qələbəmizin memarınınətrafında sıx birləşərək müstəqilliyimizi bədxah qüvvələrin məkrindən qeyrətlə, namusla müdafiə edir. 

“Şuşa ili”nin başa çatmasına az qalır. Dövlət başçısının 2022-ci ili “Şuşa ili” elan etməsi xalqa, onun yaddaşına, qurub-yaratmaq əzminə ehtiram idi və bu il çərçivəsində yaşanan hadisələr, keçirilən tədbirlər Şuşanın Azərbaycan xalqının tarixindəki və taleyindəki yerini daha da möhkəmlətdi. Çünki azərbaycanlılar bu balaca şəhəri 270 il ərzində qurublar, yaradıblar, gözəlləşdiriblər, abadlaşdırıblar, amma 30 il ərzində o düşmən tərəfindən dağıdılıb, məhv edilib. Lakin indi Şuşa artıq elə bir qorunma qüvvəsi altındadır ki, o, əbədi olaraq Azərbaycanın olacaq və həmişə çiçəklənəcək.

ARİF ALIŞANOV