Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin bir qrup qazi və hərbyönümlü QHT nümayəndələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov tərəfindən qəbul edilib. 

"Unikal" xəbər verir ki, general-polkovnik Arzu Rəhimov iki qardaş dövlət olan Azərbaycan və Türkiyənin bütün sferalarda uğurlu əməkdaşlıq etdiklərini bildirib. Ölkələrimizin başçıları, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müvəffəqiyyətlə həyata keçirilən strateji xəttin xalqlarımız arasında münasibətlərin daha da güclənməsinə, regionun inkişafına xidmət etdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstək verdiyini, beynəlxalq arenada Azərbaycanın haqq işini daim müdafiə etdiyini bildirib. 15 iyun 2021-ci il tarixdə ölkə başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə ikitərəfli əlaqələrin rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldiyini ifadə edib. 

Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyini təmsil edən nümayəndələr adından çıxış edən ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ildönümü münasibətilə təbriklərini çatdırıb, Zəfər Günü ilə bağlı Azərbaycanda keçirilən tədbirlərdə iştirakdan məmnun olduqlarını vurğulayıb. Bildirib ki, Vətən müharibəsində işğaldan azad olunmuş bölgələrdə aparılan quruculuq və bərpa işlərində ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq qısa müddətdə böyük nailiyyətlərin əldə edilməsini stimullaşdırır. 

Görüşdə ölkələrimiz arasında münasibətlərdə veteran təşkilatlarının mühüm rolu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində töhfələri xüsusi qeyd olunub. Türkiyəni təmsil edən QHT rəhbərləri ölkəmizdə səfərdə  olmalarından və Zəfər Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirakdan məmnunluq hissi keçirdiklərini bir daha ifadə edib, səfərin təşkilinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə minnətdarlıqlarını bildiriblər.