Almaniyanın keçmiş kansleri Angela Merkel, Vladimir Putinin Ukraynaya müdaxiləsindən əvvəl onunla danışıqlar aparmaq niyyətində olduğunu, lakin tezliklə vəzifəsini tərk etməli olduğu üçün Rusiya prezidentinə təsir göstərə bilmədiyini söyləyib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə “Der Spiegel” jurnalına müsahibəsində bildirib.

O və Fransa prezidenti Emmanuel Makron 2021-ci ilin yayında Avropa İttifaqı çərçivəsində Putinlə danışıqlar aparmağı planlaşdırıblar.

"Ancaq mənim daha bu məsələ ilə bağlı israr etmək rıçaqım yox idi. Çünki hamı bilirdi ki, mən payızda vəzifəmdən gedəcəm" - keçmiş kansler qeyd edib.

16 il hakimiyyətdə olduqdan sonra 2021-ci ilin sentyabrında siyasətdən istefa verən Merkel həmin ilin dekabrında rəsmi olaraq postunu sosial demokrat Olaf Şoltsa təhvil verib.