Kərəm Həsənovun işçilərinin yeni "bazar"ı
02:26 06-04-2012
SİYASƏT
Kərəm Həsənovun işçilərinin yeni "bazar"ı
Qanunsuz evlərin sənədləşdirilməsi prosesi rüşvəti alovlandırıb
Ölkə rəhbərliyi xoş niyyət nümayiş etdirərək, qanunsuz evlərin sənədləşdirilməsinə qərar verib. Amma təəssüf ki, bu proses neqativ hallarla, daha doğrusu, vətəndaşlardan qanunsuz haqq tələb etməklə həyata keçirilir. Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən mənbə bildirib.
Mənbənin deməsinə görə, bir müddət əvvəl Bakıətrafı kənd və qəsəbələrdə əhalini siyahıya alıblar.Bu zaman vətəndaşlara qanunsuz tikilmiş evlərin sənədləşdirilməsiylə bağlı olduğunu söyləyiblər.
Artıq ayrı-ayrı kənd və qəsəbələrdən belə məlumat gəlir ki, sənədləşmə üçün Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarının əməkdaşları vətəndaşlardan iri məbləğdə pul tələb edirlər. Bir mərtəbəli, iki-üç otaqlı qanunsuz evlərin sahiblərinə bildirilir ki, onlar 1500-2000 manatı əvvəlcə verməlidilər, sənədləşmə işi başlayanda isə 500 manat da əlavə ödəyəcəklər.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hesablamasına görə, paytaxtda 400 minə yaxın qanunsuz tikili var. Elə sənədləşmə prosesini və bu proses zamanı vətəndaşlardan dövlət rüsumundan qat-qat yüksək məbləğ istənilməsini də adıçəkilən xidmətin əməkdaşları həyata keçirir.
Qeyd edək ki, 400 minə qədər tikili arasında tikilməsi qanunazidd olan evlər olsa da, elələri də var ki, normalara cavab verir, amma sənədləşdirilməyib. Rəsmilər bildirir ki, layihə həm sovet dövründə, həm də müstəqillik illərində tikilən evləri əhatə edəcək. Amma dəmiryolunun lap yaxınlığında, yüksək gərginli enerji xəttinin altında və ya mədən zonasında tikilən evlər elə qanunsuz da sayılacaq.
Ekspertlər isə hesab edir ki, əgər Reyestr Xidmətində bir pəncərə sistemi olarsa, yəni vətəndaş yalnız bir qurumun əliylə sənəd toplamaq imkanı qazanarsa, onda ev tikən vətəndaş da mülkini sənədləşdirməyə meyl göstərər. "İndiyədək ona görə maneələr var ki, bu sahədə məmur özbaşınalığı, rüşvət var. Qanunvericlikdə problemlər var. Əksər hallarda heç vətəndaşlar bilmir ki, sənədləşmə üçün nə etsinlər. Çünki bu çox mürəkkəb prosedurdur" - ekspertlərin mövzu ilə bağlı ümumi qənaəti belədir.
Amma hətta bir pəncərə sistemi tətbiq olunacağı halda da rüşvətin aradan qaldırılacağına inanlar azdır. Onlar hesab edirlər ki, Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsinin özü və strukturlarının qeyri-şəffaf fəaliyyəti hər kəsə məlumdur, ona görə də istənilən halda prosesin yeni qazanc mənbəyinə çevrilməsi qaçınılmazdır.
Bunu önləmək üçün isə nisbətən faydalı metod prosesdə vətəndaş cəmiyyəti təmsilçilərinin də nəzarətçi və müşahidəçi funksiyası ilə iştirakı göstərilir. Amma buna da Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin sıcaq baxa biləcəyi ehtimalı aşağı dəyərləndirilir.
Yeri gəlmişkən, qanunsuz tikililərin sənədləşdirilməsinin Kərəm Həsənovun işçiləri üçün yeni qazanc mənbəyinə çevrilməsi barədə deyilənlərə əsas qazandıran maraqlı bir məqam var. Qanunsuz tikililərin sənədləşdirilməsi mexanizminin mart ayında acıqlanacağı bildirilsə də, hələ ki bu barədə səs-soraq yoxdur. Bu da şübhələnmək üçün əsaslar yaradır. Mümkündür ki, bu məsələdə əsas rolu oynamalı olan Əmlak Məsələləri Dövlət Komitəsi ləng davranmaqla vaxt qazanmağa, həmin vaxt müddətində isə vətəndaşlardan mümkün qədər daha çox "haqq" almağa çalışır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48