“Bu günə qədər Elm və Təhsil Nazirliyini tənqid etməmişəm. Gözləmişəm ki, bəlkə yanaşmalar dəyişər, qarşılıqlı hörmət olar. Çalışırlar ki, hər şey yaxşı olsun, daha pis olur. Qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, elm və təhsil naziri ilə danışmaq problemi yoxdur:
"Amma, neçə aylardır ki, zəng etmirəm, məktub göndərmirəm və etməyəcəm də. Əgər hər şey havadan asılı qalırsa, nə mənası? Ümumiyyətlə, bir sıra hallarda dövlət qurumlarının birinci şəxsləri ilə danışanda problem həll olmur, əksinə daha çətinə düşür. Elm və Təhsil Nazirliyində yalnız nazir müavini Firudin Qurbanovla danışa bilirəm. Digər müavinlər telefonu da qaldırmır, hörmətsizlik edirlər. Elm və Təhsil Nazirliyini anlamaqda çox çətinlik çəkirəm. Deyim ki, elmimiz və təhslimiz yüksək səviyyədədir, bu da yalan olar. Bəs bu qədər özünəgüvən, saymamazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm”.
Anar Kəlbiyev