"Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsi Rusiya sülhməramlıları tərəfindən Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı adıçəkilən ölkənin parlamentinə müraciət göndərəcək".
"Unikal" xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Rusiya sülhməramlıları üçtərəfli görüşdə imzalanan bütün protokollara, hətta, Putinin imzasına da hörmətsiz yanaşırlar: “Çünki protokolların hər birində regionların adı bizim qeyd etdiyimiz adla gedir. Bunu köhnə adla təqdim etməyin heç bir yeri yoxdur. Bununla bağlı Regional məsələlər komitəsi olaraq Rusiyanın parlamentinin regional komitəsinə müraciət hazırlamışıq. Sizinlə məsləhətləşəndən sonra müraciəti onlara göndərmək istəyirik. Eyni zamanda, digər strukturlara, o cümlədən Müdafiə Nazirliyinə göndəriləcək. Ermənilər tərəfindən Qərbi Azərbaycanda mindən artıq toponimlərimiz dəyişdirilib. İşğal altında olan dövr ərzində isə xeyli qanun qəbul edilmişdi. Həmin adların hamısı əvvəlki adlarına qayıdacaq. Belə olan halda sentyabr ayından sonra Rusiya sülhməramlılarının sülh yaratmaq əvəzinə separatizmə dəstək verməsi heç də düzgün hal deyil. Onlar öz funksiyalarını yerinə yetirə bilmirlərsə, xahiş edək ki, öz funksiyalarını dayandırsınlar. Çünki bizə separatçı yox, sülh yaradan lazımdır”.
Anar Kəlbiyev