Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gəlmiş ispandilli əcnəbi jurnalistlər - “Gurevich Communications” İsrail şirkətinin rəhbəri Roman Qureviç, “SIC”, “La Vanguardia” və “Mediaset Espana” media qurumlarının Orta Şərq üzrə müxbiri, tanınmış jurnalist, Nobel mükafatına namizəd olmuş Xose Enrike Simerman Benarroç, “El Taquiqrafo” qəzetinin müxbiri Felipe Eduardo Larak Lopez, “La Vanguardia”, “Haaretz” media qurumlarının və “The Jerusalem Post Magazine” və “The Berlin Quarterly” jurnallarının müxbiri Paul Manuel Sançez Kifllin, İspaniyada yayımlanan “La Vanguardia” (Barselona) və “La Razon” (Madrid) qəzetlərinin müxbiri Ofer Lastsevikki, İspaniya, Portuqaliya, Fransa, Argentina və digər ölkələrin media qurumları ilə əməkdaşlıq edən yəhudi kinematoqraf Yair Simermanlə görüş olub.
"Unikal" xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev qonaqlara ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, həmçinin bu sahədə beynəlxalq təşkilatların humanitar fəaliyyəti barədə ətraflı məlumat verib.
Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib.
Ermənistanın işğalına iki il əvvəl son qoyulduğu, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, otuz ilə yaxın davam edən məcburi köçkünlükdən sonra yüz minlərlə azərbaycanlının doğma yurd yerlərinə qayıdışına imkan yarandığı, lakin həmin yerlərdəki yaşayış məntəqələrinin - şəhər və kəndlərin ermənilər tərəfindən tamamilə dağıldığı, xalqımızın maddi-mənəvi sərvətlərinin məhv və talan edildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin könüllülük prinsipi əsasında, təhlükəsiz şəraitdə və ləyaqətlə geri dönüşünü təmin etmək üçün bütün zəruri tədbirləri görür. Ermənistanın hələ də davam edən mina terorunun bu prosesə ciddi əngəl törətdiyi diqqətə çatdırılıb.
İspandilli media mənsubları Böyük Qayıdışa hazırlıq istiqamətində görülən genişmiqyaslı tədbirlər, o cümlədən komitənin Laçın şəhərində, Zabux və Sus kəndlərində həyata keçirməyə başladığı bərpa işləri, həmçinin Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndində əhalinin məskunlaşdırılmasının ilkin nəticələri haqqında da məlumatlandırılıblar.
Roman Qureviç və Xose Enrike Simerman Benarroç səmimi qəbula görə həmkarları adından komitə rəhbərliyinə təşəkkür edib, səfərin məqsədi barədə məlumat veriblər.
Görüşdə ispandilli jurnalistlərin çoxsaylı sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.