Fövqəladə Hallar Nazirliyi (FHN) Səbaildə sahilə yaxın ərazidə başlayan yanğınla bağlı məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, ötən gün axşam saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesinin 12-ci kilometrliyində yanğın baş verməsi və bir neçə vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Xəzər dənizi sahilinə yaxın ərazidə doğranmaqda olan qurğuda baş verdiyi və həmin qurğuda olan 3 nəfər vətəndaşın həyatının təhlükədə olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb. Eyni zamanda, dalğıc-xilasedicilərin operativ müdaxiləsi sayəsində qurğuda təhlükəli vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü İsmayılov Xəyal Natiq oğlu, 1986-cı il təvəllüdlü İbrahimov Elşən Allahverdi oğlu və 1978-ci il təvəllüdlü Həmidov Murad İkram oğlu xilas olunaraq sahilə çıxarılıb.