Yaponiyada bir həftə ərzində 2 min 60 dəfə polis bölməsinə zəng edən şəxs həbs edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 67 yaşlı kişi "dövlət xidmətinə mane olmaq" ittihamı ilə saxlanılıb.
Belə ki, Yoşio Şima adlı şəxs sentyabrın 30-u yerli vaxtla səhər saat 11:15-dən oktyabrın 8-i səhər saat 8:30-a qədər Saitama Polis İdarəsinə 2 min 60 dəfə zəng edib.
Ümumilikdə 27 saat polis idarəsinin telefonunu zəbt edən şübhəli hər zəngdə “Vergi oğrusu”, “İşdən qovuldun”, “Axmaq” kimi məmurları təhqir edib.
Texniki izləmə nəticəsində şəxsiyyəti müəyyən edilən Şimadanın telefonuna baxış keçirən polis həmin şəxsin dəfələrlə polis bölməsinə zəng edən şübhəli şəxs olduğunu təsdiqləyib.
Bildirilib ki, daha əvvəl də eyni səbəbdən saxlanılan Şimada “dövlət qulluğuna mane olmaq” ittihamı ilə həbs edilib.
Seymur Əli