"Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi Ermənistanın beynəlxalq, o cümlədən üçtərəfli Bəyanatda nəzərdə tutulmuş öhdəliklərinə ziddir".
"Unikal" xəbər verir ki, bu, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.
"Ermənistan özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb və Azərbaycana qarşı hərbi əməliyyatlara son qoymayıb. Bunun əvəzinə o, Azərbaycan ərazisində istehkamlar qurmağı və hərbi-mühəndis işləri aparmağı, o cümlədən piyadalar əleyhinə çoxsaylı minalar yerləşdirilməsini davam etdirir. Bu hərəkətlər beynəlxalq hüququn, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq humanitar hüququn yolverilməz şəkildə pozulmasıdır. Ermənistan buna görə məsuliyyət daşıyır", - deyə məruzədə qeyd olunub.