UNEC Empirik Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Nicat Muradzadə dünyanın ən nüfuzlu 100 ali təhsil müəssisəsi sırasında yer alan Böyük Britaniyanın Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistratura dərəcəsini ən yüksək göstərici ilə bitirib.
"Unikal" xəbər verir ki, N.Muradzadə ali təhsil aldığı müddətdə, universitetin üstün müvəffəqiyyət təqaüdü olan “Kansler təqaüdü”nə layiq görülmüşdü. Yazdığı kurs işləri və dissertasiyası isə nümunəvi elmi əsər kimi universitet kitabxanasında saxlanılır. Nicat Muradzadə bundan öncə Türkiyənin İstanbul Universitetinin “Biznes və idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsini ilk üçlükdə tamamlamışdı. O, bir kitabın, 4 elmi məqalənin, 2 konfrans materialının, bir neçə praktiki tövsiyənin, azərbaycan və ingilis dillərində yerli və xarici mətbuatda dərc olunmuş çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir.