"Nazir Sahil Babayev bildirir ki, 600 min uşağa müavinət verilir. Amma bu məsələni müzakir etmək lazımdır ki, uşaq pulu, yoxsa müavinət verilməsi sərf edir".
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, bu məsələ müzakirə obyektidir:
"Məlumdur ki, ünvanlı sosial yardım və s. verilir. Onun ünvana çatmasında kifayət qədər problemlər var. Amma uşaq pulu belədir ki, hər ailənin neçə uşağı varsa, onların sayına uyğun olaraq vəsait veriləcək. Bu ödənişlər də ünvana çatacaq. Kimin isə bu vəsaiti mənimsəmək istəməsi mümkün deyil. Əsas odur ki, bu məsələni Milli Məclisdə müzakirə edək. Bu məsələ ilə bağlı arqumentlərimiz var. Deyirik ki, nazirliklə birlikdə müzakirə aparaq. Hara gediriksə, bu məsələni qaldırırlar".
Uşaq pulunun nə qədər ola biləcəyinə gəlincə, V.Əhmədov qeyd edib ki, burada müxtəlif variantlar mümkündür:
"Bunun üçün büdcənin imkanına baxmaq lazımdır. Müzakirə olunmadan bunu həll etmək olmaz".
Anar Kəlbiyev