Gəncənin yaşıllıq zolaqlarına əkilən və şəhərin ümumi görünüşünə əlavə gözəllik qatan dekorativ ağaclar xüsusi qulluq tələb edirlər.
"Unikal" xəbər verir ki, bu ağacların əksəriyyəti İtaliya, Misir, Türkiyə və Hollandiya kimi isti və fərqli iqlim şəraitinə malik ölkələrdən gətirildiyi üçün yerli iqlim şəraitində onların becərilməsi olduqca çətindir. Qarlı və şaxtalı hava isə dekorativ ağaclar və gül kolları üçün xüsusilə təhlükəlidir.
Bütün bunlar nəzərə alınaraq, Gəncə şəhərinin yaşıllıq zolaqlarına əkilən dekorativ ağac və gül kollarına Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin aqronomları tərəfindən xüsusi diqqət göstərilir, onların soyuq və şaxtalı havadan qorunması üçün müvafiq tədbirlər həyata keçirilir.
Xarici ölkələrdən gətirilən Siqas, Finik - xurma ağacları, həmçinin müxtəlif kiçik ölçülü qızıl gül kollarının şaxtadan qorunması üçün mühafizə zolağı yaradılır. Bitkilər polietilen örtüklərlə bükülərək şaxtadan mühafizə edilirlər. Mülayim hava şəraiti müşahidə olunan günlərdə isə həmin örtüklər açılır və ağacların təmiz hava ilə təması təmin edilir.