Bu gün Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin 65 illik yubileyi münasibəti ilə tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, Milli Qəhrəmanımızın ailə üzvləri, yaxınları və Qubadlı rayon Polis idarəsinin əməkdaşları tərəfindən Əliyar Əliyevin rayonun Qəzyan kəndindəki qəbrüstü abidəsi ziyarət olunub. Bakı şəhər Nərimanov rayonunda və Sumqayıt şəhəri, 42-ci məhəllədəki abidəsi önünə əklil və gül dəstələri qoyulub.
Tədbir Hafiz Quliyev adına Çaytumas kənd məktəb - liseyində davam etdirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçı Malik İsaqov, hüquq mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin 65 illik yubileyi münasibətilə Qubadlı rayonunda idman yarışları təşkil olunub. Belə ki, 20 oktyabr 2022-ci il tarixdə Qubadlı şəhər 1 saylı tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin komandaları arasında “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi, 26-27 oktyabr 2022-ci il tarixində Sumqayıt şəhəri, “Spartak” İdman Sağlamlıq Mərkəzinin futbol meydançasında yeniyetmələr arasında futbol üzrə açıq rayon birinciliyi və 11 dekabr 2022-ci il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin anadan olmasının 65 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tərəfindən yarışlarda qalib olmuş komandalar və idmançılar mükafatlandırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Əliyar Yusif oğlu Əliyevin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, Birinci Qarabağ müharibəsində düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmış, 300-dən artıq rayon sakini əlil olmuş, 100 nəfərdən çox itgin düşmüşdür. 11 nəfər Milli Qəhrəman adına layiq görülüb.
30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu da 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Digər çıxış edənlər Milli Qəhrəmanın döyüş yoldaşları polkovnik Sadiq Paşayev, baş leytenant Yaqub Vəliyev, müəllim yoldaşı Mübarək Yusifov, yaxın qohumu Feyruz Həziyev, təqaüddə olan polis əməkdaşı Sədaqət Quliyev və Azərbaycan Yazıçılar birliyinin Qubadlı regional bölməsinin sədri Namiq Əliyev Milli Qəhrəman Əliyar Əliyevlə bağlı öz xatirələrini bölüşdülər.
Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Milli Qəhrəman Əliyar Əliyevin oğlu Emin Əliyev ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbəri Malik İsaqova minnərdarlığını bildirərək qeyd etdi ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, həmişə diqqət mərkəzində saxlanılır, dövlətimiz bu gün Milli Qəhrəman və şəhid ailələrinin sosial problemi ilə yaxından maraqlanır, onların həllinə köməklik edir.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivi tərəfindən qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər və muğam parçaları səsləndirildi.
Əliyar Əliyev anadan olduğu Qubadlı rayonunun Qəzyan kəndində torpağa tapşırılıb. Ailəli idi, üç övladı var.
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Əliyev Əliyar Yusif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həmçinin ölümündən sonra “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir. Qubadlı rayonunda Əliyar Əliyevin abidəsi qoyulmuşdur. Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərən Qubadlı rayon Qəzyan kənd tam orta məktəbi də Milli Qəhrəmanımızın adını daşıyır. Bakı şəhər Nərimanov rayonundakı küçələrdən birinə Əliyar Əliyevin adı verilmişdir. Həmin küçədə Milli Qəhrəmanın büstü qoyulmuşdur. Sumqayıt şəhərində və Binəqədi rayonunda “Əliyar” adlı bulaqlar tikilib istifadəyə verilmişdir. Həmçinin Sumqayıt şəhərində küçələrdən birinə qəhrəmanımızın adı verilib.